Əməkdaşlarımız qadın ixtiraçıların beynəlxalq konfransında iştirak edib

Moskvada yerləşən Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetində “Sərhədsiz texnologiyalar. Qadınlar innovasiya və əqli mülkiyyət sahəsində” mövzusunda Qadın ixtiraçılar və texnologiya üzrə sahibkarların II Avrasiya konfransı keçirilib.

Konfransda  Rusiya, Azərbaycan,  Belarus, Qazaxıstan, Qırğızıstan,  Özbəkistan, Tacikistan, Türkiyə, Böyük Britaniya, Çin, Braziliya və digər ölkələrdən 500-dən çox istedadlı qadın və tanınmış şəxslər iştirak edib. Bundan əlavə, konfransa BRICS+, Avrasiya Patent Konvensiyası ölkələrindən və müxtəlif beynəlxalq təşkilatlardan nümayəndələr qatılıb. Tədbirin keçirilməsində məqsəd regionda qadın ixtiraçıların və elmi-texniki sahədə çalışan mütəxəssislərin əməkdaşlığını təşviq etmək olub. 

Konfransda davamlı inkişaf, biotexnologiya və yaradıcı sənayelər üzrə müzakirələr aparılıb, sərgilər təşkil olunub və intellektual mülkiyyətin kommersiyalaşdırılması ilə bağlı mövzular dinlənilib. İştirakçılar əldə etdikləri nailiyyətləri bölüşüb, milli brendlərin inkişaf perspektivlərini və innovasiyaların kommersiyalaşdırılması üzrə ideyaları, bununla bağlı  işgüzar əlaqələr yaratmaq yollarını müzakirə ediblər.

Avrasiya Patent Təşkilatının prezidenti Q.İvliyev öz çıxışında  qeyd edib ki, Avrasiyada qadın ixtiraçıların sayına görə Rusiya, Belarus və Qazaxıstandan sonra Azərbaycan 4-cü yeri tutur.

Qeyd edək ki, təşkilat komitəsinin dəvəti ilə Azərbaycan Tibb Universitetinin 3 əməkdaşı - I Mamalıq-ginekologiya kafedrasının professoru Nigar Kamilova, Əczaçılıq kimyası kafedrasının dosenti, əczaçılıq elmləri doktoru Cəmilə Yusifova, Farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova konfransda spiker qismində iştirak ediblər.

Əməkdaşlarımızın hazırladığı məruzələr auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda onlar təşəkkürnamə və sertifikatlarla təltif olunublar.