Tədris Cərrahiyyə Klinikasında yeni qaydalarla bağlı toplantı keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında icbari tibbi sığorta ilə bağlı yeni qaydaların tətbiqinə həsr edilmiş toplantı keçirilib. Klinika rəhbərliyi və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə tibb müəssisəsinin fəaliyyətindəki dəyişikliklər müzakirə olunub.
Tədris Cərrahiyyə Klinikasının direktoru, dosent Əsədulla Sultanov çıxışında ATU tələbələrinin istehsalat təcrübəsi imkanlarını genişləndirmək və praktiki biliklərini daha da artırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na dəyişiklik edildiyini vurğulayıb. Yeni qaydalara əsasən, artıq Tədris Cərrahiyyə Klinikasına göndəriş tələb olunmadan icbari tibbi sığorta hesabına stasionar tibbi xidmətlərdən (terapevtik və cərrahi tibbi xidmətlər) istifadə üçün birbaşa müraciət etmək mümkün olacağını qeyd edib.
Toplantıda vətəndaşların müraciətlərinə əsasən icbari tibbi sığorta hesabına təqdim olunacaq tibbi xidmətlər, bu prosesin tənzimlənməsi, yeni qaydaların tətbiqi ilə bağlı zəruri dəyişikliklər və s kimi məsələlər müzakirə olunub. Klinikada əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə müvafiq göstərişlər verilib.