2 fevral - Azərbaycan Gəncləri Günüdür
Bu münasibətlə Azərbaycan Tibb Universitetində (ATU) tədbir keçirilib.
ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov çıxışında bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Onun sözlərinə görə, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub: “1996-ci ilin 2 fevralında Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. 1997-ci ildən isə ölkəmizdə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Gənclər Günü qeyd olunur: “Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. İndi ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov çıxış edərək, qeyd edib ki, gənclər üçün əsas istiqamət təhsildir: “Biz Azərbaycan Tibb Universiteti olaraq siz gənclərə yalnız elmin sirlərini öyrətməklə kifayətlənmir, həm də vətənpərvər, fəal vətəndaşlar olmağınız üçün çalışırıq. Azərbayan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də daim bu məsələyə diqqət yetirir, təşəbbüskar gənclərə dəstək olur. ATU rəhbərliyi tərəfindən gənclərimizin, tələbələrimizin inkişafını stimullaşdırmaq üçün müxtəlif layihələr reallaşdırılır. Biz yeni düşüncəli, kreativ ruhlu gəncliyin yetişdirilməsi, səhiyyəmizi yüksək ixtisaslı kadrlarla təmin etmək yönündə çalışırıq.
Tədbirin davamında "Gənclər günü"nə həsr olunmuş video çarx təqdim olunub.