ATU-nun Tədris Terapevtik Klinikasınin Nefrologiya və Efferent terapiya şöbələri Rezidentura və magistratura şöbəsi ilə birgə həkim-rezidentlər üçün növbəti seminar təşkil edib.
Tədbirin moderatoru, Rezidentura ve magistratura şöbəsinin müdir müavini Namiq Xəlilov giriş nitqində bildirib ki, xroniki böyrək xəstəliyinin (XBX) dünyada geniş yayılması tək nefroloji yox, tibbin bütün sahələrinin problemidir: “Dünyada bir çox orqan və sistemlərin müxtəlif xəstəlikləri zamanı XBX bir ağırlaşma kimi inkişaf edir və buna görə də ixtisasından asılı olmayaraq, bütün həkimlərin bu sahədə müasir diaqnostika və müalicə üsullarını bilməsi artıq zərurət halına gəlib”.
Nefrologiya şöbəsinin müdiri, I Daxili xəstəliklər kafedrasının dosenti, t.e.d. Aytən Məmmədzadə seminarın mövzusu və məruzəçi barədə məlumat verib. O, mövzunun aktuallığını vurğulayaraq, son illərdə bu patologiyaya yanaşmanın dəyişməsi, klinik protokolların yenilənməsi, profilaktik və diaqnostik meyarlardan danışıb. Qeyd edib ki, son 3 ildə nefrologiya ayrıca fənn kimi universitetdə tədris olunur və bu sahəyə gənc həkimlərin daha çox marağı yaranıb.
Sonra söz məruzəçiyə verilib. Tədbir iştirakçılarına özü haqda məlumat verən I Daxili xəstəliklər kafedrasının assistenti, Efferent terapiya şöbəsinin müdiri Elgün Həziyev təhsili, iştirak etdiyi beynəlxalq araşdırmalar və əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, xroniki böyrək xəstəliyinin müxtəlif mərhələlərində olan xəstələrin sayının dünyada, eləcə də Azərbaycanda durmadan artdığını bildirib, inkişaf etmiş ölkələrdə bu patologiyanın süd vəzi və prostat xərçəngindən daha çox insan ölümünə səbəb olduğunu vurğulayıb. Xəstəliyin epidemiologiyası, son yenilənmiş təsnifatı və klinik simptomları haqqında geniş məlumat verən şöbə müdiri, onun ilkin mərhələdən son mərhələyə qədər olan patomorfoloji və klinik nüanslarını tam şəkildə izah edərək, profilaktika və hər mərhələyə uyğun ən son müalicə üsullarından danışıb.
Tədris Terapevtik Klinikanın baş həkimi Fəridə Hacıyeva və digər əməkdaşların, nefrologiya ixtisası üzrə təhsil alan rezidentlərin iştirak etdiyi seminar diskussiya və müzakirələrlə başa çatıb.