Fevralın 7-də Azərbaycan Tibb Universitetinin Ortodontiya kafedrasında türkiyəli professorların iştirakı ilə ortodontiya və ortoqnatik cərrahiyyədə qabaqcıl və innovativ müalicə metodlarına həsr olunmuş seminar keçirilib. Tədbirdə Stomatologiya fakültəsinin professor-müəllim heyəti, rezidentlər və tələbələr iştirak ediblər.
Ortodontiya kafedrasının müdiri, professor Ramidə Şadlinskaya iştirakçıları salamlayaraq belə elmi tədbirlərin əhəmiyyətini vurğulayıb: "Beynəlxalq elmi görüşlər bilik və təcrübə mübadiləsi baxımından son dərəcə vacibdir. Azərbaycan və Türkiyə təkcə tarixi və mədəni bağlılıq baxımından deyil, həm də elm və təhsil sahəsində sıx əməkdaşlıq edən qardaş ölkələrdir. İki ölkə arasında elmi əlaqələrin inkişafı tibb sahəsinə, eləcə də ortodontiyanın inkişafına mühüm töhfə verir".
R.Şadlinskaya rəhbəri olduğu kafedranın yaxın zamanlarda fəaliyyətə başlaması və burada yaradılan şərait, maddi-texniki baza, eləcə də kadr potensialı barədə məlumat verib.
Seminar çərçivəsində tanınmış mütəxəssislər - Ankara Universiteti Diş həkimliyi fakültəsi, Ortodontiya kafedrasının müdiri Okan Akçam və Bezmialem Vəqf Universitetinin Ortodontiya kafedrasının müdiri, Türk Ortodontiya Dərnəyinin sədri, professor Gökmen Kurt ağır açıq diş-çənə patologiyalarının müalicəsinə dair geniş məruzələrlə çıxış ediblər. Onlar müasir ortodontik və ortoqnatik yanaşmalar, eləcə də çətin klinik halların idarə edilməsi barədə yeni elmi məlumatları və praktik təcrübələrini iştirakçılarla bölüşüblər.
Böyük maraqla qarşılanan tədbirin sonunda ortodontiya sahəsində gələcək elmi əməkdaşlıq və birgə tədqiqat imkanları müzakirə olunub, bu kimi seminarların davamlı keçirilməsinin vacibliyi vurğulanıb.