Ötən gün Bakıda insan kapitalının inkişafına dövlət dəstəyi, təhsil sektoru və biznes arasında əməkdaşlıq, məşğulluq sahəsində yeniliklərlə tanışlıq məqsədilə İnsan İnkişafı Forumu keçirilib. “Milli dəyərlərlə birgə qlobal biznesə” devizi ilə təşkil olunmuş forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, "Paşa Holding"in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə ölkəmizdə insan kapitalının inkişafına dövlət dəstəyi, bu istiqamətdə bilik və bacarıqların artırılması yolları, sahibkar düşüncə tərzinin təşviqi, təhsil sistemi və biznes arasında qarşılıqlı əməkdaşlıq, işəgötürən və işçilərin gözləntiləri və s. mövzularda fikir mübadiləsi aparılıb.
Forumda spiker və qonaq qismində Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndələri, müxtəlif nazirliklərin, universitetlərin rəhbərləri, o cümlədən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli, universitetin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri və əməkdaşları iştirak ediblər. Tədbirdə ATU-nun əməkdaşlarının iştirakı ilə hazırlanan və 3-4-cü sinif şagirdləri üçün nəzərdə tutulmuş “Balaca tacirlərin macəraları” adlı inteqrativ dərsliyin təqdimatı da keçirilib.