ATU-nun Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə şöbəsi, Ağız və üz-çənə cərrahiyyəsi kafedrası və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə seminar keçirilib
"Plastik və rekonstruktiv cərrahiyyədə estetik və bərpa əməliyyatlarından sonra klinik nəticələrin psixososial tərəfləri" mövzusunda seminarda ilk olaraq, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyası İdarə Heyətinin həqiqi üzvü, t.e.d, professor Vaqif Qələndər çıxış edib. O, plastik, estetik və rekonstruktiv əməliyyatlar sahəsində yeniliklərdən danışıb, öz metoduna əsaslanaraq xəstə seçimi zamanı cərrahi əməliyyatı necə apardığını rezidentlərə ətraflı qaydada izah edib. Professor anadangəlmə hemangiomaların cərrahi yolla müalicəsinin xüsusi məqamlarını diqqətə çatdıraraq, qulaq və süd vəzi rekonstruksiyalarına toxunub: “Plastik cərrahiyyə pasiyentin sağlamlığını və funksionallığını bərpa etmək məqsədi daşıyır. Buraya doğuşdan mövcud olan qüsurların (məsələn, dodaq-çənə yarıqları) düzəldilməsi, travma, yanıq və ya onkoloji əməliyyatlardan sonra toxuma rekonstruksiyası kimi məsələlər daxildir. Estetik cərrahiyyə isə pasiyentin xarici görünüşünü yaxşılaşdırmaq və gözəllik standartlarına uyğunlaşdırmaq məqsədi güdür. Bu əməliyyatlar, əsasən sağlam insanların üzərində həyata keçirilir və əsas məqsəd estetik harmoniyanı təmin etməkdir”.
Sonra Plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə III kurs rezident Ramilə Məmmədova (Əliyeva) “Plastik cərrahların bilməli olduğu yeni fleblər” mövzusunda çıxış edib. O, gələcək plastik cərrahlara defektə uyğun fleb seçimindən danışıb, eləcə də baş, boyun və üz rekonstruksiyalarında istifadə olunan fleblərdə doppler müayinəsinin əhəmiyyətini vurğulayıb: “Baş, boyun və üz əməliyyatları müxtəlif tibbi və estetik səbəblərdən geniş spektrli cərrahi prosedurları əhatə edir. Bu əməliyyatların məqsədi xəstələrin sağlamlığını yaxşılaşdırmaq, funksional problemləri düzəltmək və ya estetik görünüşü təkmilləşdirməkdən ibarətdir”.
Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov bildirib ki, klinikanın Plastik cərrahiyyə şöbəsi xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də peşəkar həkim kadrların hazırlanması işini həyata keçirir. O, ənənəvi seminarların yeni tədris ilində də davam etdiriləcəyini deyib.
Daha sonra klinikanın Plastik cərrahiyyə şöbəsinin müdiri, Ümumi cərrahlıq kafedrasınin assistenti Adil Cümşüdov rəhbərlik etdiyi şöbədə rezidentlərin yetişməsinə xüsusi diqqət ayrıldığını nəzərə çatdırıb. Ağız və üz-çənə cərrahiyyəsi kafedrasınin dosenti Nigar Sultanova rezidentlərin məqalələr yazması və xarici jurnallarda dərc etdirməsinin vacibliyi, III Cərrahi xəstəliklər kafedrasınin dosenti Elmar Şərifov isə plastik cərrahiyyədə rekonstruktiv əməliyyatların həyati önəm daşıması barədə fikirlərini səsləndiriblər.
Çıxışlardan sonra mövzu ətrafında geniş diskussiyalar aparılıb, rezidentlərin çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə TCK-nın həkim-rezidentləri ilə yanaşı, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentləri də iştirak ediblər.