ATU-nun Tədris İdman Kompleksində “Təbib” idman klubu və Bakı şəhəri Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin professor-müəllim heyəti arasında şahmat və stolüstü tennis üzrə Nəsimi rayon turniri keçirilib
Turnirə ölkənin müxtəlif universitetlərindən əməkdaşların dəvət edildiyini deyən “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov bildirib ki, hələ dərslərin başlanmamasını nəzərə alaraq, müəllimlərin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün belə bir yarışa start verdik. Onun sözlərinə görə bu yarışlara şahmat üzrə 7 universitetdən 28, stolüstü tennis üzrə isə 5 universitetdən 32 nəfər əməkdaş qatılıb. Hər iki turnir gərgin mübarizə şəraitində keçsə də, əsas məqsəd dostluq əlaqələrinin möhkəmləndirilməsi və professor-müəllim heyətinin asudə vaxtlarının faydalı təşkili idi. Həmişə olduğu kimi, bu dəfə də Bakı şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayon sektoru yarışların keçirilməsinə xüsusi diqqət ayırıb.
Fevralın 14-də Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində hər iki turnirdə qalib gələn əməkdaşların mükafatlandırılması mərasimi baş tutub. Tədbirdə Bakı şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektorunun müdiri Yusif Babanlı, eləcə də yarışa qatılan universitetlərdən nümayəndələr iştirak ediblər. Tədbiri ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov açaraq bütün iştirakçıları salamlayıb və yarışların nəticələri haqqında məlumat verərək qalibləri təbrik edib.
Tədbirdə çıxış edən Nəsimi rayon Gənclər və idman sektorunun müdiri Yusif Babanlı ilk növbədə ATU-da idman yarışları üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu dilə gətirib. O, qaliblərə Gənclər və İdman Nazirliyi və Bakı şəhər Gənclər və İdman İdarəsinin rəhbərliyinin təbriklərini çatdıraraq uğurlarının davamlı olmasını arzulayıb.
Tədbirin sonunda turnirin qalibləri elan edilib və mükafatlandırılıb. Stolüstü tennis üzrə kişilər arasında İftixar Məhərrəmov (Bakı Ali Neft Məktəbi) I, Siyavuş Axundov (UNEC) II, Səfər Səfərov (ATU) III, qadınlar arasında isə Aygün İsmayılova (UNEC) I, Əzizə Cəfərova (Bakı Ali Neft Məktəbi) II və Nazlı İsmayılzadə (Bakı Ali Neft Məktəbi) III yerə layiq görülüblər.
Şahmat turnirində kişilər arasında Ramin Həşimov (ATU) I, Oqtay Quliyev (UNEC) II, Anar Eyyubov (UNEC) III, qadınlar arasında isə Fidan Ağasiyeva (Milli Aviasiya Akademiyası) I, Leyla Xasıyeva (BDU) II, İlhamə Hüseynova (ATU) III yeri tutub.
Qaliblərə kuboklar və diplomlar təqdim olunub.