Fevralın 15-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında Qulaq, burun, boğaz xəstəlikləri kafedrası ilə Rezidentura və magistratura şöbəsinin “Mirinqoplastika” mövzusunda birgə seminarı keçirilib
Tədbir iştirakçılarını salamlayan kafedranın müdiri, professor Vəfa Pənahian seminarın mövzusu barədə məlumat verərək, bu sahədəki yeniliklərdən bəhs edib. Bildirib ki, bu əməliyyat qulaqda olan kiçik dəliklərin və ya yırtıqların düzəldilməsi prosedurudur. Seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov isə vurğulayıb ki, əgər bu əməliyyat təcrübəli həkimlər tərəfindən həyata keçirilərsə, nəticə də müsbət olar.
Bundan sonra məruzəçi - tanınmış otorinolarinqoloq, polkovnik Elnur Əkbərov mirinqoplastika əməliyyatı ilə bağlı çıxış edərək öz təcrübəsini bölüşüb: “Əsasən xroniki orta otitdən sonra yaranan qulaq pərdəsi dəliklərində bu əməliyyat üsulundan istifadə olunur. Mirinqoplastikanın köməyi ilə qulaq pərdəsi yenidən qurulur və orta qulağın xarici mühitlə əlaqəsi əngəllənmiş olur. Bu həm eşitmə azlığını aradan qaldırır, həm də qulaq pərdəsindəki dəlik səbəbindən yarana biləcək infeksiyalar və bu infeksiyaların fəsadlarından qoruyan bir divar yaradır”.
Qulaq pərdəsinin bərpasında cərrahi müdaxilənin üstünlüklərindən danışan mütəxəssis, uğurlu bir əməliyyatın eşitmə funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını, həmçinin xəstənin ümumi həyat keyfiyyətini yüksəltdiyini vurğulayıb.
Sonda tədbir iştirakçıları müzakirələr apararaq, fikirlərini bölüşüblər.
Seminarda həkim-rezidentlər, o cümlədən üz-çənə cərrahı, professor Elçin Əhmədov iştirak edib.