Hərbi tibb fakültəsinin rezidentləri aktual mövzularda çıxış edib

Fevralın 15-də ATU-nun Hərbi tibb fakültəsinin Rezidentura və təkmilləşdirmə kursunun təşkilatçılığı, universitetin Rezidentura və magistratura şöbəsinin dəstəyi ilə rezidentlər üçün növbəti seminar keçirilib

Tədbir iştirakçılarını salamlayan şöbə müdirinin müavini, assistent Namiq Xəlilov universitet rəhbərliyinin rezidentlərin təhsilinə xüsusi diqqət və qayğı göstərdiyini və onlara lazımi dəstəyin verdiyini söyləyib. O, rezidentləri müasir dövrdə sürətlə inkişaf edən tibb elmindəki yeniliklərdən faydalanmağa və biliklərini artırmağa səsləyib.

Bundan sonra Yoluxucu xəstəliklər ixtisası üzrə III kurs rezidenti Tural Nuriyev “Botulizm xəstəliyi”, Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya ixtisası üzrə II kurs rezidenti Anar Məcidli “Tibb işçilərinin peşə sahəsindəki qanunsuz hərəkətləri zamanı aparılan məhkəmə-tibbi ekspertizası”, Travmatologiya-ortopediya ixtisası üzrə II kurs rezidenti Elçin Hüseynov “Daban sümüyünün kistası”, Oftalmologiya ixtisası üzrə II kurs rezidenti Yusif Seyidov “Refraktiv cərrahiyyə”, Otorinolarinqologiya ixtisası üzrə III kurs rezidenti Fuad Əliyev isə “Sinusitlər” mövzularında çıxış ediblər.

Tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edən N.Xəlilov vurğulayıb ki, rezidentlərin elmi yenilikləri davamlı olaraq izləməsi, qabaqcıl təcrübələri bölüşməsi və elmi-tədqiqat işləri aparması çox vacibdir. Əlavə edib ki, onların təhsildə qazandığı biliklər gələcək iş fəaliyyətlərində daim lazım olacaq.

İnteraktiv şəraitdə keçən seminarda mövzular ətrafında müzakirələr aparılıb və rezidentlərin sualları cavablandırılıb.

Tədbirdə fakültənin Rezidentura və təkmilləşdirmə kursunun rəisi, tibb xidməti polkovniki Zakir Qədiməliyev və müxtəlif ixtisaslar üzrə bütün kurslardan rezidentlər iştirak ediblər.