ATU-nun Urologiya kafedrasının 50 illiyinə həsr olunmuş Azərbaycan Endourologiya Cəmiyyətinin II Konqresi keçirilib

Bakıda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının 50 illiyinə həsr olunmuş Azərbaycan Endourologiya Cəmiyyətinin II Konqresi keçirilib

 Türk Uroloji Dərnəyi ilə birlikdə təşkil olunan toplantıda müxtəlif ölkələrdən olan mütəxəssislər endourologiyanın müasir hədəfləri, bir sıra xəstəliklərin müalicəsində tətbiq ediblər yeni yanaşmaları müzakirə ediblər.

Konqresin rəsmi açılış mərasimində çıxış edən Səhiyyə naziri Teymur Musayev Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlar haqqında danışaraq Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaitinin 30 dəfə artırıldığı, 700-dən çox səhiyyə müəssisəsində təmir-tikinti işləri aparıldığını qeyd edib. Nazir T.Musayev 2021-ci il aprelin 1-dən bütün respublika ərazisində tətbiq olunan icbari tibbi sığorta sistemində uroloji əməliyyatların da yer aldığını bildirib. Respublikamızda hələ ittifaq dövründən Azərbaycan təbabətində urologiya sahəsinin yüksək inkişaf etdiyini vurğulayan Teymur Musayev bu prosesdə ATU-nun 50 yaşını qeyd edən urologiya kafedrasının da xüsusi yer tutduğunu vurğulayıb və bu münasibətlə universitet kollektivinə təbriklərini çatdırıb.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli  1975-ci ildə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının uroloji şöbəsinin bazasında təşkil edilən Urologiya kafedrasının tarixi haqqında danışıb. Qeyd edib ki, respublikada urologiya elminin inkişafında, bu sahədə dünya şöhrətli alimlərin və peşəkar həkimlərin yetişməsində bu kafedranın böyük rolu olub. Hazırda kafedra əməkdaşları tərəfindən Azərbaycanda urologiyanın bütün sahələri üzrə ən ağır və çeşidli əməliyyatlar aparılır,  kafedranın professor-müəllim heyəti bir sıra ölkələr və xüsusilə Türkiyənin tibbi qurumları ilə əməkdaşlıq edirlər. 2014-cü ildən etibarən Urologiya kafedrasının əsas bazası ATU-nun Tədris Cərrahiyyə Klinikasında yerləşir. Rektor professor Gəray Gəraybəyli 2023-cü ildə ATU-nun əməkdaşları tərəfindən təsis olunan Azərbaycan Endourologiya Cəmiyyətinin qısa müddət ərzində xeyli uğurlara imza atdığını, bir sıra beynəlxalq konfranslar, seminar və praktiki kurslar keçirdiyini bildirib.  

Azərbaycan Endourologiya Cəmiyyətinin sədri professor Rauf Nağıyev urologiya kafedrasının məqsədli və şərəfli yolu, ölkəmizin səhiyyə sistemində və ATU-nun çoxşaxəli fəaliyyətində aktiv iştirak etdiyini qeyd edib. Akademik Südeyif İmamverdiyev uzun illər ərzində rəhbərlik etdiyi kafedranın tarixi və nailiyyətləri haqqında ətraflı məlumat verib.

Açılış mərasiminin bədii hissəsində ATU-nun “Çinar” rəqs ansamblı, “Şəfa” xalq çalğı alətləri ansamblının  çıxışları olub.

Daha sonra konqresdə Böyük Britaniyadan professor Bhaskar K Somani, Almaniyadan professor Thomas Knoll, Yunanıstandan Athanasios Papatsoris, Türkiyədən Mustafa Kamal Atilla, professor Abdullah Demirtaş, Mutlu Ateş, Qazaxıstandan Ali Talışinski və digər mütəxəsssilərin rəhbərliyi ilə panel sessiyalar keçirilib. İki gün ərzində prostat vəzi xəstəliklərinin endoskopik müalicəsi, robotik və laparoskopik urologiyada yeniliklər, urolitiazisdə müasir yanaşmalar və digər mövzular üzrə məruzə və müzakirələr aparılıb. Qeyd edək ki, konqresin ilk günündə ATU-nun Tədris Cərrahiyyə Klinikasında Holep kursu keçirilib və canlı əməliyyatlar nümayiş etdirilib.