Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının nəzdində elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Hafiz Osmanov 16-cı Beynəlxalq Təbii Məhsullar Kimyası Simpoziumunda iştirak edib
Toplantı Pakistan İslam Respublikasının Karaçi Universiteti nəzdində olan Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzi tərəfindən təşkil olunub.
Simpoziumda İsveç, Almaniya, İtaliya, Türkiyə, Qazaxıstan, Çin, Rusiya, İran, Əlcəzair, Misir, İordaniya, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən, Nigeriya, Kamerun və s.kimi ölkələrin tanınmış kimyaçı alimləri maraqlı məruzələrlə çıxış ediblər.
Hafiz Osmanov Elm və Təhsil Nazirliyi Akademik Y.H.Məmmədəliyev adına Neft-kimya prosesləri institutun əməkdaşları ilə birgə 2 poster tezislə məruzə edib. Hər iki poster Naftalan neftindən ayrilan “Ağ naftalan” preparatı, eləcə də tərkibində naften karbohidrogenləri olan bəzi dərman və kosmetik vasitələrin kimyəvi tərkibi, tibbi təsir mexanizmlərinin öyrənilməsi perspektivlərinə həsr edilib.
Simpozium çərçivəsində məşhur azərbaycanlı kimyaçı alim, Naftalan neftinin tibbi təsir mexanizmini araşdıran akademik Yusif Məmmədəliyev haqqında ingilis dilində sənədli film sərgilənib.
Simpoziumun bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunmuş, beynəlxalq mərkəzin direktoru xanım Prof.Dr. Farzana Shaheen ilə Hafiz Osmanovun həmtəsisçisi olduğu “Science for Health” MMC arasında qarşılıqlı anlaşma-əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə Azərbaycan və Pakistan arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində də strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi, ortaq layihələr və təcrübə mübadiləsinin aparılması planlaşdırılır.