ATU-nun rektoru Gəray Gəraybəyli Qazaxıstanlı professor ilə görüşüb

Cənubi Qazaxıstan Tibb Akademiyasının professoru Kulpan Orınbasarova ilə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə də görüşü baş tutub.

Görüş zamanı rektor, professor Gəray Gəraybəyli Azərbaycanda səhiyyənin inkişafi istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər, tibb təhsili sahəsində aparılan köklü islahatlar barədə məlumat verib.

Rektor, professor G.Gəraybəyli Azərbaycan Tibb Universitetinin fəaliyyətində prioritet istiqamətlərindən biri olan beynəlxalq əlaqələrin genişlənməsi ilə bağlı son illər həyata keçirilən tədbirlər, əsası qoyulan uğurlu əməkdaşlıqlar haqqında da danışıb. Bu əlaqələr sırasında qonşu ölkələrin universitet və elm mərkəzləri ilə birgə həyata keçirilən mübadilə proqramları və ortaq layihələrin xüsusi önəm daşıdığını da bildirib.

Professor G.Gəraybəyli həmçinin ATU-nun beynəlxalq standartlara uyğun tədris proqramı, bu sahədə əldə edilmiş uğurlar barəsində qonağa məlumatları çatdırıb.

Cənubi Qazaxıstan Tibb Akademiyasının "Dərman texnologiyası və farmakoqnoziya” kafedrasının professoru Kulpan Orınbasarova təmsil etdiyi təhsil ocağı haqqında geniş məlumat verib. O, akademiyada tədris olunan proqramla yanaşı, ölkəsindəki tibb təhsil sistemindən də söz salıb. Professor K.Orınbasarova ATU ilə Cənubi Qazaxıstan Tibb Akademiyası arasında əməkdaşlığın uğurlu olacağına inandığını bildirib.

Qurumlar arasında gələcək əməkdaşlığın istiqamətləri və mümkün ortaq layihələr haqqında müzakirələr aparılan görüşdə  ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak edib.

Qeyd edək ki, proqram çərçivəsində professor K.Orınbasarova ATU-da tələbələr və rezidentlər üçün mühazirə ilə çıxış edib. “Onlayn kurslar – ali məktəblərdə təhsil alanlar üçün innovativ təlimin bir növü” mövzusunda master-klass keçəcək.