Bu günlərdə Hindistanın Mumbai şəhərində Bariatrik və metabolik cərrahlar üzrə Beynəlxalq Cərrahlar Federasiyasının (IFSO) Asiya və Sakit Okean hövzəsi ölkələri üzrə 9-cu konqresi keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti, federasiyanın ölkəmiz üzrə tək rəsmi daimi üzvü, bariatrik metabolik cərrah PhDr. Taryel Ömərov təmsil edib.
Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının təsiscisi və sədri Tariyel Ömərov konqresdə müzakirə edilən mövzulardan biri üzrə spiker, digər paneldə isə moderator olaraq iştirak edib. Onun sözlərinə görə, konqresin əsas məqsədi dünyada sürətlə yayılan piylənmə və bu halın özü ilə gətirdiyi xəstəliklərin müalicəsinə dair yeni bilikləri, təcrübələri paylaşmaq, həmçinin insanları bu istiqamətdə maarifləndirmək üçün mövcud texnoloji yeniliklərlə inteqrasiyada həll üsullarının öyrənilməsi olub. Konqresdə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tailand, İran, Avstraliya, Filippin, Tayvan, Yeni Zelandiya və s. kimi dövlətlərin mütəxəssisləri iştirak ediblər.
30 ilə yaxındır beynəlxalq konqreslərdə iştirak edən cərrah T.Ömərov bu konqresin tamamilə fərqli nəticələrlə yadda qaldığını bildirib. Tədbirdə Azərbaycan səhiyyəsinin inkişafı, bu sahədə əldə edilən uğurlar və yeniliklər barədə məlumatlar səsləndirilib, yeni əlaqələr və əməkdaşlıqların təməli qoyulub.