Ali Attestasiya Komissiyasının nümayəndələri ilə görüş keçirilib

ATU-nun rektoru qarşılıqlı əməkdaşlığın elmi-tədqiqatların səviyyəsini yüksəldəcəyini bildirib

Universitetimizdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dissertasiya şuralarının fəaliyyəti, müdafiələrin təşkili prosedurları, bu sahədə keyfiyyətin artırılması üçün qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.

Rektor, professor Gəray Gəraybəyli ATU-nun ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyası ilə sıx əməkdaşlıq etdiyini bildirib. Rektor universitetdə doktorant və dissertantlarla işin təşkili, tədqiqat işlərinin aparılmasında onlara göstərilən yardım və digər məsələlər haqqında danışıb. Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayan professor G.Gəraybəyli, ATU ilə Ali Attestasiya Komissiyası arasında qarşılıqlı əməkdaşlığın alimlərin elmi tədqiqatlarının səviyyəsinin yüksəlməsinə xidmət edəcəyinə inandığını bildirib.

Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan universitetdə doktorant və dissertantlarla işin qurulması, tədqiqat işlərinin aparılması, müdafiələrin təşkili sahəsində aparılan fəaliyyətlər barədə məlumatları bölüşüb.

Görüşdə Ali Attestasiya Komissiyasının sədr müavini, professor Nigar Ağayeva, həmin qurumun Tibb və Əczaçılıq elmləri üzrə Ekspert Şurasının sədri, professor Kamran Musayev çıxış ediblər. Ali Attestasiya  Komissiyasının fəaliyyətinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər, elmi adların, elmi dərəcələrin verilməsi üzrə proses, dissertasiyaya dair tələblər, elmi tədqiqatların nəticələrinin nəşri və s. haqqında geniş məlumat verilib.

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının sədrləri və elmi katibləri, elmi seminarların sədrləri və problem komissiyalarının sədrləri görüşdə iştirak ediblər.