Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Bakı şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayon gənclər və idman sektoru və ATU-nun “Təbib” idman klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş dama (oğlanlar və qızlar) və 3x3 basketbol (oğlanlar) üzrə yarışlar keçirilib.
Dama yarışları qarışıq formada məşqçi-müəllim Kübra Bacaraninin rəhbərliyi ilə təşkil olunub. Turnirdə 22 oğlan və 6 qız olmaqla, ümumilikdə 28 tələbə iştirak edib. 7 turdan ibarət mübarizənin nəticələrinə görə, oğlanlar arasında Zaur Balayev I, Cəfər Məmmədzadə II, Elşən Yunisov III, qızlar arasında Aynur Alməmmədova I, Fatimə Hüseynova II, Jalə Məmmədli III yerə layiq görülüb.
3x3 basketbol yarışlarında isə dörd ali təhsil müəssisəsindən 6 komanda, ümumilikdə 24 tələbə mübarizə aparıb. Məşqçi-müəllim Sevinc İsayevanın rəhbərliyi ilə keçən gərgin oyunlardan sonra qaliblər müəyyənləşib. Rəqiblərinə qalib gələn Bakı Dövlət Universiteti I, Azərbaycan Tibb Universiteti II, Azərbaycan Dillər Universiteti III, Bakı Slavyan Universiteti isə IV yeri tutub.
Yarışların bağlanış mərasimində Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri Rauf İsgəndərov və Emin Hüseynov, Bakı şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov və ATU “Təbib” idman klubunun sədri Qələndər Aslanov qalibləri kubok, medal və diplomlarla təltif edib, onlara növbəti yarışlarda uğurlar arzulayıblar. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.