ATU-nun I Daxili xəstəliklər kafedrasının əməkdaşı Şəhla Şabanova fevralın 25-dən 28-dək Şimali Kipr Türk Cümhuriyyətində keçirilmiş “Hematoloji nadir xəstəliklər” konqresində iştirak edib
Ş.Şabanova konqresin üçüncü günü “Multipl mieloma xəstələrinin induksiya müalicəsində 4-lü rejim 3-lüyə qarşı” mövzusunda çıxış edib. Xəstəliyin əlamətləri, profilaktikası və müalicəsi barədə konqres iştirakçılarına məlumat verən hematoloq bildirib ki, qanyaradıcı sistemin xroniki bədxassəli xəstəliyi olan mieloma xərçəngin bir çox növlərindən fərqlənir: “Bu xəstəliyin yaranma səbəbi hələ də tam bəlli deyil. Belə qəbul olunub ki, kimyəvi maddələr, neft və radiasiyaya məruz qalmaq xəstəliyi yaradan amillər sırasındadır. Çoxsaylı mieloma hüceyrələri sümük iliyində yaranıb artdığı üçün sağlam sümük hüceyrələrinin xərçəng hüceyrələri tərəfindən istilasına səbəb olur”. O, nəzərə çatdırıb ki, pasiyentlərin heç də hamısı innovativ müalicə metodlarından xəbərdar deyil. Buna görə də xəstəliklə bağlı maarifləndirmə işinin və müxtəlif tədbirlərin təşkili, məlumatların paylaşılması mühüm əhəmiyyət kəsb edir.
Həkimin sözlərinə görə, çoxsaylı mieloma xəstəliyi tək bir şiş kimi deyil, sümük iliyində anormal plazma hüceyrələrinin yığılması və qanda zülalın anormal miqdarda olması şəklində özünü büruzə verir. Bu zaman xəstə sümüklərdə ağrı, ürəkbulanma, halsızlıq, tez yorulma halları ilə üzləşir və xəstədə patoloji sınıqlar, arıqlama, infeksiyalara tez-tez yoluxma müşahidə olunur. Hətta azacıq hərəkət zamanı belə sümüklər sına bilir. Gecikmiş formalarda böyrək şikayətləri, Oliqo-anuriya hallarına (sidiyə çıxmanın zəifləməsi və ya bəzən tamamən itməsi) da rast gəlinir.
Toplantıda vurğulanıb ki, nadir hematoloji xəstəliklər xüsusi diqqətdə saxlanılır. 2000-də bir rast gəlinən xəstəliklər nadir xəstəliklər kimi təsnifatlaşdırılır ki, bir cox hematoloji bədxassəli xəstəliklər də buraya daxildir.
Hər il mütəmadi olaraq keçirilən, bu il Şimali Kipr Türk Cümhuriyyətində baş tutan sayca 8-ci toplantıda diqqətə çatdırılıb ki, bu cür tədbirlərdə müzakirə olunan yeniliklər sonradan hematoloji xəstələrin müalicəsində uğurla tətbiq edilir.