İqlim dəyişikliyi müasir dövrün qlobal problemlərindən biridir

İqlim dəyişikliyi mövzusu bütün fakültələrdə tədris olunur

 

İctimai sağlamlıq fənninin proqramına daxil edilmiş və metodik vəsaitdə öz əksini tapmış mühazirələr bir çox problemləri əhatə edir. Bu mühazirələrdən biri olan və proqrama yeni daxil edilmiş “İqlim dəyişikliyinin insan sağlamlığına təsiri” mühazirəsi aktuallıq baxımından xüsusi əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi müasir dövrün qlobal problemlərindən biridir. İnsanın yaşayış mühitinin onun sağlamlığına təsir edən mühüm amillərdən biri olması bu istiqamətdə dünya səhiyyəsinin qarşısında böyük vəzifələr qoyur.

Metodik vəsaitdə iqlim dəyişikliyinin səbəbləri, nəticələri, onunla mübarizə tədbirləri barədə geniş məlumat verilib. Müxtəlif ölkələrin məlumatları əsasında bu problemin təhlilinə geniş yer ayrılıb, elmi əsaslandırılmış dəlillərlə ətraf mühit amillərinin, xüsusilə iqlim dəyişikliyinin sağlamlığa vurduğu ziyan və onun fəsadlarının qiymətləndirilməsi öz əksini tapıb. İnsan fəaliyyəti nəticəsində denaturasiya olunmuş mühitin biotik və abiotik amillərinin insan orqanizminə təsiri ilə əlaqədar olaraq ictimai sağlamlıq səviyyəsinin aşağı düşməsi qeyd edilməklə, sosial mühitin bu prosesdə aparıcı rolu bir daha vurğulanıb, təbii mühit amillərinin müəyyən sosial şəraitdə insana təsir etməsi və insanların ətraf mühitə uyğunlaşması prosesi xarakterizə olunaraq ətraf mühitin çirklənməsində bilavasitə insan amili də səbəb kimi təhlil edilib. Metodik vəsaitdə, həmçinin bu problemin aradan qaldırılmasında təkcə dövlətin rolunun kifayət etməməsi, insanların da bu mübarizədə önəmli rol oynamasının vacibliyi qeyd olunub, ÜST, Ümumdünya Meteorologiya Konqresi və digər səhiyyə tərəfdaşları ilə birlikdə iqlim, ətraf mühit və sağlamlıq üçün inteqrasiya olunmuş xidmətləri inkişaf etdirmək məqsədilə on illik strategiya və uğur nümunələri, eləcə də COP29 tədbiri barədə məlumat verilib.

Azərbaycan Tibb Universitetində bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş “İqlim dəyişikliyinin insan sağlamlığına təsiri” adlı metodik vəsaitin tələbələr tərəfindən bu məsələnin mənimsənilməsinə kömək edəcəyi və bu sahədə onların biliklərinin artırılmasına böyük töhfə verəcəyi şübhə doğurmur.

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası tərəfindən 2024-2025-ci tədris ilindən başlayaraq, bütün fakültələrdə (Müalicə-profilaktika, Stomatologiya, İctimai səhiyyə, Əczaçılıq, Hərbi tibb) tədris olunan “İctimai sağlamlıq” fənninin mövzu-təqvim planında “İqlim dəyişikliyinin insan sağlamlığına təsiri” mövzusu 1 mühazirə (2 saat) və 2 seminar-məşğələdə (4 saat) əhatə olunur. Kitabın müəllifləri kafedranın müdiri, tibb elmləri doktoru, dosent Yaqut Hacıyeva və tibb elmləri namizədi, dosent Nərminə Göyüşovadır.