Gələcəyin stomatoloqları mulyaj üzərində implant qoyub

Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında Stomatologiya fakültəsinin V kurs tələbələri üçün mulyaj üzərində implantın qoyulması üzrə master-klas keçirilib.

Fakültə dekanı, dosent Elmira Əliyeva tələbələrə təcrübələrində uğurlar arzulayıb. Qeyd edib ki, onların universitetdə əldə etdikləri bilik və bacarıqlar sonradan praktikada gərəkli olur.

Kafedranın dosenti Fərman Həsənov belə master-klasların böyük əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, dişlərin implantasiyası, implantların qoyulma taktikası, işlənməsi və digər texnikalar artıq bir neçə ildir ki, proqrama əsasən tədris olunur: “Belə master-klaslar sayəsində tələbələrimiz oxuduqlarını praktikada tətbiq edirlər. Onlar implant qoymaq üçün ağız boşluğunda ölçüləri necə əldə etməyi, implantları hazırlıq vəziyyətinə necə gətirməyi öyrənirlər”.

Dosent F.Həsənov tələbələrin implant mövzusunu yüksək səviyyədə mənimsəmələri üçün hər cür şərait yaratdığına və materiallarla təmin etdiyinə görə “Kaspi Dent” firmasının rəhbərliyinə təşəkkür edib.