ATU-nun Stomatoloji Klinikasında xeyriyyə aksiyası keçirilib

Martın 6-da Nəsimi rayon İcra Hakimiyyətinin və ATU-nun Stomatoloji Klinikasının birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün ödənişsiz müayinə və müalicə aksiyası təşkil olunub. Bu kateqoriyadan olan şəxslər həkim baxışı ilə yanaşı, bəzi prosedurlardan da tam ödənişsiz keçiblər. 

Vətən müharibəsi qaziləri Qurban Bayramov, ehtiyatda olan zabit Pərvin Əzimov, adlarının çəkilməsini istəməyən digər qazilər və şəhid ailələrinin üzvləri ödənişsiz aksiyanın təşkilindən razılıqlarını ifadə edərək, bu cür aksiyaları dövlətimizin onlara göstərdiyi qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Aksiyaya gələnlərin bir çoxunun üz tutduğu həkimlərdən İlqar Qacar, Leyla Şirəlizadə, Mehman Rüstəmov və başqaları diş çəkimi, diş ağrıları zamanı sinirlərin çıxarılması, diş kanallarının təmizlənməsi və narahatlıq doğuran digər vacib prosedurları böyük məmnunluqla həyata keçiriblər.

Stomatoloji Klinikanın direktoru, t.ü.f.d İmran Ağayev müharibə günlərində olduğu kimi, tibb işçilərinin bu gün də şəhid ailələrinin və qazilərin yanında olduğunu, bu aksiyanı stomatoloji problemləri olan, müayinəyə ehtiyac duyan şəhid ailələrinə və qazilərə dəstək olmaq üçün təşkil etdiklərini bildirib. Onun sözlərinə görə, hələlik bu aksiya çərçivəsində Nəsimi rayonunun ərazisində yaşayan şəhid ailələrinin üzvlərinə və qazilərə xidmət göstərilib. Xeyriyyə aksiyasında həkimlərlə yanaşı, klinikanın rezidentləri də yaxından iştirak ediblər. Gələcəkdə isə müayinəyə bu kateqoriyadan olan daha çox insanın cəlb edilməsi və prosedurların sayının artırılması nəzərdə tutulub.