Yenidoğulmuşlarda xəstəliklərin erkən aşkarlanması mühüm əhəmiyyətə malikdir

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Klinik-diaqnostik laboratoriya və Rezidentura və magistratura şöbələrinin birgə təşkil etdiyi növbəti seminarın mövzusu “Yenidoğulmuşların genetik metabolik xəstəliklərinin laborator diaqnostikası” olub

Tədbirdə müxtəlif ixtisas üzrə təhsil alan rezidentlər iştirak ediblər.

Seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov tibbi təhsilin fasiləsiz inkişafının vacibliyini qeyd edərək, bu seminarların rezidentlərin nəzəri və praktiki biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, genetik metabolik xəstəliklərə neonatal dövrdə daha çox rast gəlinir və onların vaxtında diaqnostikası uşaqların həyat keyfiyyətinin və sağlamlığının qorunmasında əsas faktorlardan biridir. N.Xəlilov, xüsusilə qohum evlilikləri fonunda erkən diaqnostikanın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Sonra Klinik-diaqnostik laboratoriya şöbəsinin müdiri Leyla Həşimova çıxışında bildirib ki, bu mövzunun seçilməsi təsadüfi deyil və yenidoğulmuşlarda rast gəlinən genetik metabolik xəstəliklərin laborator diaqnostikasında müasir yanaşmaların tətbiqi həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verir. O, müxtəlif ixtisas sahiblərinin bu kimi tədbirlərdə bir araya gəlməsinin klinisistlər və laborator mütəxəssislər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə imkan yaratdığını söyləyib.

Seminarda geniş təqdimatla çıxış edən II kurs rezident Gülşən Məmmədova yenidoğulmuşlarda rast gəlinən genetik metabolik xəstəliklərin növləri, diaqnostika üsulları və müalicə protokolları haqqında ətraflı məlumat verib. O, xəstəliklərin laborator analizlər vasitəsilə aşkar edilməsinin vacibliyini və dəqiq diaqnozun qoyulmasında müasir metodların tətbiqini ətraflı izah edib. Məruzəçi vurğulayıb ki, metabolik xəstəliklərin erkən aşkarlanması gələcəkdə yaranacaq ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb. Rezidentlər genetik metabolik xəstəliklərin diaqnostikası ilə bağlı əlavə məlumatlar əldə edib.