İctimai səhiyyə fakültəsində tələbə elmi konfranslarına start verildi

Martın 12-də ATU-nun İctimai səhiyyə fakültəsi Tələbə Elmi Cəmiyyətinin 48-ci konfransı öz işinə başlayıb

 “Konstitusiya və suverenlik ili”nə həsr olunan, “Elm və innovasiya” adı altında keçirilən konfransı fakültənin dekanı, dosent Qalina Qəniyeva açaraq, öncə konfransın keçirilməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə, şəxsən rektor Gəray Gəraybəyliyə fakültə kollektivi adından təşəkkürünü bildirib. O, fakültədə TEC-ə cəlb olunan tələbələrin sayının ildən-ilə artdığını, keçən il 80 elmi işin təqdim olunduğunu, bu il isə həmin göstəricinin 101-ə çatdığını söyləyib.
Konfransın təşkilində əməyi keçən kafedra müəllimlərininin, fakültə TEC-nin sədri Fərəh Baxışlının fəaliyyətini xüsusi qeyd edən Q. Qəniyeva, aktiv tələbələrdən Fatimə Nuriyeva, Xanım Yusifli, Ruxsarə Muradova, Fatimə Səfərova, Aydan İbrahimli, Təranə Kazımova, Yusif Tahirli, Fateh Əsədbəyli, Züleyxa Nəbiyeva, Günel Sadıqova və Aytac Məmmədovanın adlarını böyük məmnunluqla səsləndirərək bütün tədqiqatçı tələbələrə uğurlar arzulayıb.  
Tədbirin açılışında çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan ilk növbədə konfrans iştirakçılarına rektor, professor Gəray Gəraybəylinin salamlarını və təbriklərini çatdırıb. ATU-da tələbə elmi cəmiyyətlərinin işinə xüsusi önəm verildiyini, istedadlı tələbələrin elmi işə cəlb olunmasının çox vacib məsələlərdən biri olduğunu vurğulayan prorektor qeyd edib ki, burada əyləşən müəllimlərin əksəriyyəti Tələbə Elmi Cəmiyyətindən başlanan bir yolla irəliləyib: “Mən I kursda oxuyarkən Tələbə Elmi Cəmiyyətində professor Vaqif Şadlinskinin rəhbərliyi ilə işlədiyim mövzunu, həmin məruzəni, həmin günü indiyəcən yaxşı xatırlayıram. Düşünürəm ki, belə tədbirlər sizlərin gələcəkdə bir mütəxəssis kimi yetişməyinizlə yanaşı, bir araşdırmaçı, bir alim, bir tədqiqatçı kimi uğur qazanmağınızda da xüsusi rol oynayacaq. Texnologiyaların günü-gündən müasirləşməsi bizim dünya elminə inteqrasiya etməyimizə imkan yaradır. Eyni zamanda müasir innovativ metodlardan yetərincə yararlanırıq. Bütün bunlar hər birimizin, xüsusən səhiyyə işçilərinin qarşısında çox böyük tələblər qoyur. İnanıram ki, gələcək tədqiqatçılarımız beynəlxalq səviyyəli nəticələr əldə etmək gücündədir. Bu yolda hər birinizə uğurlar arzulayiram. Mənə elə gəlir ki, həyəcanlı olmalarına baxmayaraq, tələbələrin gözlərindəki bu ümid işığı onları uğura aparan əsas motivasiyalardan biridir”.
TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov çıxışında bu konfransı bir bayram günü kimi səciyyələndirərək, fakültənin professor-müəllim heyətini və tələbələrini təbrik edib. Universitetimizdə sağlam bir mühitin yaradıldığını, məhz bu baxımdan Tələbə Elmi Cəmiyyətinə müraciətlərin ildən-ilə artdığını deyən TEC-in elmi rəhbəri bu göstəriciləri universitet rəhbərliyinin tələbələrin elmi fəaliyyətinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib: “Tələbələrimiz hörmətli rektorumuzun dəstəyi ilə həm ölkə daxilində, həm də ölkə xaricindəki beynəlxalq konfranslarda təmsil olunurlar. Bu gün İctimai səhiyyə fakültəsində start götürən tələbə elmi konfransları daha mötəbər beynəlxalq tədbirlərdə iştirakımıza xüsusi stimul verir. Yeri gəlmişkən diqqətinizə çatdırım ki, Gəray müəllimin rəhbərliyi ilə universitetimiz böyük bir elm festivala hazırlaşır. Hər fakültədən obyektiv olaraq seçilmiş ən yaxşı məruzələr festivala təqdim ediləcək və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən məruzələrin tezisləri festivalın materiallar toplusunda çap olunacaq”.
Elmi tədqiqat işləri ilə bağlı əsas hədəflərdən danışan TEC-in elmi rəhbəri bildirib ki, başlıca məqsədlərimizdən biri də uğurlu nəticə göstərmiş tələbələrimizin məqalələrinin yüksək reytinqli jurnallarda nəşrinə nail olmaqdır. Bu istiqamətdə müəyyən addımların atıldığına, tələbələrlə işləyən müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinin vacibliyinə də diqqət çəkən M. Həsənov bu günkü konfransda da uğurlu nəticələrin alınacağına əminliyini vurğulayıb.
Fakültə TEC-nin elmi rəhbəri Fərəh Baxışlı konfransın mövzusunun təsadüfən seçilmədiyini, hər zaman tələbələrdə Vətənə sevgi, vətənpərvərlik hissinin aşılanmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Konfransda fərqli, ən innovativ düşüncəyə malik tələbələrin tədiqat işlərinin təqdim ediləcəyini deyib.
Tələbə Elmi Cəmiyyətinin sədri Fatimə Nuriyeva konfransın əsas məqsədindən söz açaraq bu gün burada yeni ideyalara daha çox innovativ yanaşmanın təqdim ediləcəyini, müxtəlif bölmələr üzrə tələbə məruzələrinin dinləniləcəyini və geniş müzakirələr aparılacağını bildirib.  
Konfransın açılış tədbirində Azərbaycanın suverenliyimizə həsr olunmuş videoçarx da nümayiş etdirilib.
Bundan sonra konfrans öz işini Mikrobiologiya, Epidemiologiya, Ağciyər xəstəlikləri və Yoluxucu xəstəliklər bölməsi üzrə davam etdirib. Xatırladaq ki, İctimai sağlamlıq, Biokimya və Fizioterapiya bölmələri üzrə məruzələr martın 13-də təqdim olunacaq və martın 14-də tələbə və müəllmlərin mükafatlandırılması mərasimi ilə konfrans öz işini yekunlaşdıracaq.