Məşhur britaniyalı alim ATU-nun qonağı olub

Baronessa Susan Greenfield Altsheymer xəstəliyinə yeni yanaşmadan danışıb

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli məşhur britaniyalı alim-neyroloq, Lordlar Palatasının üzvü, Linkoln kollecinin böyük elmi işçisi (Oksford), Heriot-Vatt Universitetinin keçmiş kansleri, Böyük Britaniyanın Kral İnstitutunun ilk xanım direktoru Baronessa Susan Greenfield ilə görüşüb.

Görüş zamanı rektor G.Gəraybəyli məşhur alimə ATU-nun yaranma tarixi və bir əsrə yaxın müddətdə keçdiyi inkişaf yolu haqqında geniş məlumat verilib. Universitetin son illər ərzində beynəlxalq arenada qazandığı uğurlar və dünyanın aparıcı elmi-tibbi ocaqları ilə qurulan əməkdaşlıqlar xüsusilə vurğulanıb. ATU-nun əcnəbi tələbələr sayına görə ölkədə birinci yerdə olduğunu qeyd edən Professor G.Gəraybəyli qonağı universitetdə tədris olunan ixtisaslar, akademik heyətin elmi fəaliyyəti haqqında da bilgiləndirib.

Baronessa Greenfield öz növbəsində Azərbaycan Tibb Universiteti ilə tanışlıqdan məmnun olduğunu bildirib. 2013-cü ildə təsis etdiyi məşhur “NeuroBio” şirkəti haqqında ətraflı məlumat verən alim ortaq tədqiqatlar və layihələr nəticəsində insanların sağlamlığına qovuşmasında böyük uğurlar əldə etməyin mümkünlüyünü vurğulayıb. 
Azərbaycan Tibb Universitetinin elmi potensialını yüksək qiymətləndirən Baronessa Greenfield qarşılıqlı əməkdaşlıq haqqında fikirlərini səsləndirib.

Daha sonra britaniyalı nevroloq ATU-nun əməkdaşları üçün “Altsheymer xəstəliyinə yeni yanaşma” mövzusunda mühazirəsini təqdim edib. 
Görüşdə ATU-nun Nevrologiya və psixiatriya kafedralarının əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Böyük Britaniya Kral İnstitutunun ilk qadın rəhbəri baronessa Susan Greenfield  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq XII Bakı Qlobal Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.