Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli Macarıstanın Pécs Universitetinin qonağı olub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Macaristan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutan səfərin məqsədi iki universitet arasında əməkdaşlıq məsələlərini müzakirə etmək, xüsusilə universitetin əczaçılıq şirkətləri ilə əlaqələrini öyrənmək və Azərbaycan reallığında tətbiqini araşdırmaqdan ibarət olub.
Dosent Fərəh Mədətlinin sözlərinə görə, Pécs Universiteti 1367-ci ildə Kral I Ludovik tərəfindən təsis edilib və Macarıstanda ilk, Mərkəzi Avropada isə dördüncü universitet olaraq tarixə adını qızıl hərflərlə yazdırıb. Ziyarət zamanı ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli Pecs Universitetinin rektoru professor Dr. Attila MISETAya, Pannon Pharma əczaçılıq sənayesi müəssisəsinin direktoru Dr. Pallos Jozsefə və Pecs Universitetinin Əczaçılıq fakültəsinin dekanı Dr. András Fittler ilə görüşlər keçirib. Müzakirələrin yekunu olaraq Azərbaycan və Macarıstan universitetləri arasında təhsil və elmi əməkdaşlığın inkişafı istiqamətində memorandumun imzalanması kimi əhəmiyyətli addımların atılması qərara alınıb. Bu təşəbbüsün əsas hədəfi kimi tələbə və təcrübə mübadiləsi, həmçinin ixtisaslaşma, doktorantura, ikili diplom və s. olaraq nəzərdə tutulub. Səfər zamanı Dosent F.Mədətli macarıstanlı həmkarlarına Azərbaycan Tibb Universiteti adından xatirə hədiyyələrini təqdim edib.
Qeyd edək ki, səfər zamanı Pécs Universiteti ilə “Pannon Pharma” arasında olan mövcud bilik və təcrübə mübadiləsi, o cümlədən tədris metodikasının öyrənilməsi, bu üsulun Azərbaycan Tibb Universiteti və “Scandens Pharmaceutical” şirkəti arasında tətbiqi də nəzərdə tutulub. Bu məqsədlə səfərdə Azərbaycanın elmi əsaslı “Scandens Pharmaceutical Industrials Ltd”. əczaçılıq zavodunun nümayəndələri də iştirak ediblər. Onların iştirakı ilə dördlü əməkdaşlıq çərçivəsində, tərəflər arasında elmi və tədqiqat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, əczaçılıq sənayesində beynəlxalq çərçivədə yerli kadr potensialının gücləndirilməsinə töhfə vermək istiqamətində müzakirələr aparılıb.
Qeyd edək ki, şirkət nümayəndələri Pécs Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş təşkil edərək, onları, yerli əczaçılıq sahəsindəki yeniliklər və gələcək imkanlar barədə də bilgiləndiriblər. Məqsəd məhz azərbaycanlı tələbələri yerli əczaçılıq sahəsində peşəkar fəaliyyətə cəlb etmək və ölkənin sənaye inkişafına töhfəsini artırıllmasına təşviq etməkdən ibarətdir.