ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasının assistenti Nərmin Səfərova bu yaxınlarda Almaniyanın paytaxtı Berlin şəhərində olub
O, Almaniya İlk Yardım Cəmiyyətinin (Ein Projekt der Deutsche Erste-Hilfe Gesellschaft) layihəsi çərçivəsində sağlamlıq və təhlükəsizlik sahəsində peşəkar dəstək və düzgün müdaxiləyə həsr olunmuş təlimdə iştirak edib.
Mütəmadi olaraq keçirilən bu təlimə dünyanın müxtəlif ölkələrindən seçilmiş 15 iştirakçı qatılıb. 5 nəzəri, 4 praktik moduldan ibarət olan təlimdə iştirakçılar qanaxmalar zamanı ilk yardım, qəza və travmalar zamanı müxtəlif müdaxilələr haqqında bilik və bacarıqlara yiyələniblər. Mühazirələrdə orqanların anatomiyası və fiziologiyası haqqında geniş məlumat təqdim olunub, orqanizmin şok vəziyyətlərində verə biləcəyi reaksiyalar barədə nəzəri məlumatlar müzakirə edilib.
Təlim zamanı iştirakçılara real vəziyyətlərdə qanaxmanın dayandırılması, şok vəziyyətində olan şəxsə müdaxilə və kardiopulmonar reanimasiyanı (CPR) praktiki şəkildə tətbiq edərək həyati təhlükənin qarşısını almaq ətraflı izah olunub. Sonda iştirakçılar öz təcrübələrini bölüşüb, əldə etdikləri bilik və bacarıqlarla bağlı diskussiya aparıblar.