Səmərqənd universitetinin müəllim və tələbələri ATU-nun rektoru ilə görüşüb

Özbəkistanın Səmərqənd Dövlət Tibb Universitetinin Azərbaycan Tibb Universitetində praktikada olan tələbələri ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər

Görüşdə rektor G.Gəraybəyli universitetin tarixi və fəaliyyəti haqqında qonaq tələbələrə ətraflı məlumat verib. O, universitetlər arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsini yüksək qiymətləndirdiyini bildirib: “Dünyanın müxtəlif ölkələrindən olan tələbələr hər il universitetimizdə praktika keçir, eləcə də alimlər, mütəxəssislər ATU-da qonaq olur. Hazırda Azərbaycan Tibb Universiteti geniş beynəlxalq əlaqələrə malikdir. Biz dünyanın aparıcı universitetləri, bilik mərkəzləri ilə münasibətləri daha da dərinləşdiririk. Bura tələbə və elmi işlərin mübadiləsi, müştərək elmi araşdırmalar, birgə startap ideyaların reallaşdırılması və s. daxildir”.

Qeyd edək ki, akademik mobillik proqramı çərçivəsində Səmərqənd universitetinin professor-müəllim və tələbələrdən ibarət nümayəndə heyəti ATU-nun tədris və elmi fəaliyyəti ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıb, bir sıra mühazirə və seminarlarda, eləcə də klinikalarda keçirilən əməliyyatlarda iştirak edib, treninq mərkəzlərində tədbirlərə qatılıblar.

12 tələbənin daxil olduğu nümayəndə heyətinə Səmərqənd Dövlət Tibb Universitetinin Gənclər və mənəvi-maarifləndirmə işləri üzrə şöbəsinin müdiri Odil Muratov rəhbərlik edib.

Bu cür qarşılıqlı səfərlər universitetlərimiz arasındakı əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verəcək.