Sağlamlıq turizminin inkişafı ilə bağlı işçi qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb
Sağlamlıq turizminin davamlı inkişafının təmini və Sərəncamda qarşıya qoyulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə işçi qrup yaradılıb. Martın 14-də Səhiyyə Nazirliyində işçi qrupun növbəti iclası keçirilib.
Səhiyyə nazirinin müavini İlqar Qasımovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Standartlaşdırma İnstitutu, Səhiyyə Nazirliyi, Elm Və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən İlqar Qasımov Naftalanın sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılmasının vacibliyini vurğulayıb: “İşçi qrupunun iclasının məqsədi Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasının təmin edilməsidir. Eyni zamanda, yeni tibbi araşdırmaların aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair işçi qrup tərəfindən təkliflər hazırlanıb”.

İclasda Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyevin işçi qrup tərəfindən aparılan işlər üzrə məruzəsi dinlənilib və şöbənin baş məsləhətçisi Nigar Nəzərlinin hazırlanan təkliflərə dair təqdimatı nümayiş olunub.

İclasda, həmçinin Naftalan Şəhər İH başçısının müavini Kəmalə Hüseynova, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru Ulduz Həşimova, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva və Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev məruzələrlə çıxış ediblər.