ATU-nun komandası intellektual oyununun qaliblərindən biri olub

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 2000-dən artıq tələbənin qatıldığı Universitetlərarası Azərbaycan Çempionatı yekunlaşıb

 Bakı Konqres Mərkəzində 25 ali təhsil müəssisəsindən 33 komandanın yarışdığı final mərhələsinin qalibləri elan olunub.

Final mərhələsində iştirakçılara 48 sual təqdim edilib. Bakı Ali Neft Məktəbinin “Stonks” komandası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Vendetta” komandası 31 suala düzgün cavab verib. Əlavə göstəricilərə əsasən, “Stonks” komandası çempionatın qalibi elan edilib. Üçüncü yeri isə 30 suala doğru cavab verən Azərbaycan Tibb Universitetinin “Old school” komandası qazanıb. Qalibləri Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev mükafatlandırıb.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “3 sual” intellektual oyunlar platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin əsas məqsədi tələbələrin intellektual potensialını üzə çıxarmaq, onların bilik və məntiqi düşüncə qabiliyyətlərini inkişaf etdirmək və universitetlərarası intellektual mühitin formalaşmasına dəstək olmaqdır. Eyni zamanda, bu cür yarışlar gənclərin komanda şəklində işləmə bacarıqlarını gücləndirir və elmi biliklərini praktik olaraq tətbiq etmələrinə imkan yaradır.