Əqli Mülkiyyət Agentliyi tərəfindən təlim keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Əqli Mülkiyyət Agentliyində keçirilən görüşdə iştirak ediblər
 Görüş Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən ATU əməkdaşları üçün təşkil olunan “Patent hüququ obyektlərinə dair milli və beynəlxalq iddia sənədlərinin tərtib edilməsi və verilməsi” mövzusunda silsilə təlimlərin nəticələrinə həsr olunub.

Tədbirin açılışında çıxış edən Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Agentliyin fəaliyyəti haqqında məlumat verərək qurumun əsas vəzifələrindən biri kimi ixtiraçılıq fəaliyyətinin artırılması, əmtəə nişanları, müəlliflik hüququ sahəsinin təkmilləşdirilməsi olduğunu bildirib.

S.Tapdıqov bununla bağlı Agentlik tərəfindən müxtəlif maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, təlimlərin də həmin qəbildən tədbirlərə aid olduğunu deyib.

Təlimlərdə iştirak etmiş Azərbaycan Tibb Universitetinin əməkdaşları çıxış edərək Agentliyin peşəkar mütəxəssisləri tərəfindən qısa müddətdə kifayət qədər zəngin və geniş sahə barədə müvafiq məlumatların, nəzəri biliklərin çatdırıldığını deyiblər. Vurğulanıb ki, bu təlim iddia sənədlərinin hazırlanması sahəsində biliklərin artırılmasına müsbət təsir edəcək. Onlar Agentliyin mütəxəssislərinin operativ və hərtərəfli fəaliyyətini yüksək dəyərləndirərək Agentliyin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda S.Tapdıqov tərəfindən təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimlərdə milli və beynəlxalq iddia sənədlərinin verilməsi proseduru, iddia sənədinin tərtib olunması, kimya və tibb sahəsinə aid iddia sənədinin tərkibi və s. barədə geniş məlumat veriblər.