ATU-nun Kampusunda İlaxır çərşənbəyə həsr olunmuş təntənəli tədbir keçirilib

           Azərbaycan xalqının qədim və zəngin milli-mənəvi dəyərlərindən biri olan Novruz bayramı ərəfəsində, “Təbib” İdman Klubunun təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin Kampusunda İlaxır çərşənbəyə həsr olunmuş təntənəli tədbir keçirilib.  

           Tədbirdə tələbələrlə yanaşı “Təbib” idman klubunun sədri Qələndər Aslanov və məşqçi-müəllim heyəti də iştirak ediblər. Bayram tədbiri xalqımızın qədim ənənələrini özündə əks etdirən çoxsaylı maraqlı elementlərlə yadda qalıb. Tədbirin əvvəlində tələbələr Novruzun rəmzi olan tonqal ətrafında toplaşıblar və “İlaxır çərşənbə”yə xas olan qədim adət-ənənələri canlandırıblar. Tələbələr çıxış edərək baharın gəlişini tərənnüm edən mahnılar oxuyub, şeirlər deyib, yumurta döyüşdürüb, rəqslər ifa ediblər. Tədbirin aparıcıları İlhamə Namazova və Aytac Şükürlü İlaxır çərşənbənin mənasını, Novruz bayramının tarixini və xalqımız üçün əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu bayram insanları birliyə, həmrəyliyə, mərhəmətə və xeyirxahlığa çağırır. Tədbirdə yerli tələbələrlə yanaşı əcnəbi tələbələrin də iştirakı bunun bariz nümunəsidir. 

           Bayram süfrəsində isə Novruzun vazkeçilməz nemətləri – bayram şirniyyatları təqdim olunub. Tələbələr şirnilərdən dadıb, birlikdə xoş anlar yaşayıblar. Səməni, şəkərbura, paxlava, qoğal kimi nemətlər süfrəyə xüsusi gözəllik qatıb.

           Azərbaycan Tibb Universitetində bu kimi tədbirlərin təşkili tələbələrin milli ruhda tərbiyəsi, dəyərlərimizin qorunması və yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bayram tədbiri çərçivəsində müxtəlif milli oyunlar keçirilib, şirniyyat və milli yeməklərdən ibarət süfrə açılıb. 
Tədbir iştirakçıların tonqal üstündən tullanaraq qədim inancın simvolik mənasını yaşatması  mərasimi ilə  başa çatıb. Tələbələr ilaxır çərşənbənin coşqusu və bahar əhval-ruhiyyəsi ilə dolu anlar yaşayaraq, belə ənənələrin davam etdirilməsinin vacibliyini bir daha xatırladıblar.