Rektor əməkdaşları Novruz və Ramazan bayramları münasibətilə təbrik edib

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli kollektiv üzvləri ilə görüşərək, onları Novruz və qarşıdan gələn Ramazan bayramları münasibətilə təbrik edib.

Rektor bildirib ki, əsrlərdən bəri yurdumuzda qeyd olunan, baharın gəlişi və təbiətin oyanışını təcəssüm etdirən Novruz bayramı qədim və gözəl ənənələri ilə tanınır. Bu bayram sülh, barışıq, həmrəylik və mehriban qonşuluq dəyərlərini təşviq edir: “Bu il hamımız baharın Azərbaycan torpağına gəlişini xüsusi sevinc və şövqlə qarşılayırıq. Çünki uzun illər arzuladığımız kimi, nəhayət Novruz bayramını azad Qarabağ torpaqlarında da qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın builki Novruz tonqalını Qarabağda alovlandırması ölkəmiz və xalqımız üçün təntənəli və tarixi hadisədir. Artıq 5 ildir ki, Novruz bayramını ərazi bütövlüyü təmin olunmuş Azərbaycanımızın hər tərəfində qeyd etməyimiz böyük xoşbəxtlikdir. Vətən müharibəsində qazandığımız tarixi zəfəri əbədi qoruyacaq, şəhidlərimizin xatirəsini daim anacaq, qazilərimizin əziyyətini heç vaxt unutmayacaq və onların ailələrinə daim dəstək olacağıq. Hər birinizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bayram günlərində sizə bahar əhval-ruhiyyəsi, cansağlığı arzulayıram. Eləcə də sizləri İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı və qarşıdan gələn bayramı münasibətilə təbrik edirəm. Hər iki bayram bütün xalqımıza, millətimizə düşərli olsun”.