Plastik cərrahlarımız Özbəkistanda olub 

Aprelin 16-17-də Özbəkistanın Buxara şəhərində ilk dəfə olaraq Türk Dünyası Plastik, Rekonstruktiv, Estetik Cərrahiyyə Platformasının birinci beynəlxalq elmi konfransı keçirilib

Konfransda bu platformanın bilavasitə qurucularından biri olan ATU-nun professoru, Azərbaycan Plastik Cərrahlar Cəmiyyətinin sədri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, tanınmış plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Vaqif Qələndər, eləcə də ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova və Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə şöbəsinin müdiri Adil Cümşüdov iştirak ediblər. Belə bir mötəbər tədbirdə ölkəmizi təmsil edən alimlərimiz elmi məruzələrlə çıxış edərək öz nəzəri və praktik biliklərini müxtəlif ölkələrdən olan mütəxəssislərlə bölüşüblər.

Konfrans çərçivəsində professor V.Qələndər Özbəkistan Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Cəmiyyətinin fəxri üzvü seçilib. Qeyd edilib ki, bu cür elmi tədbirlər ölkələrimizin mütəxəssisləri arasında dostluq əlaqələrinin qurulması və qabaqcıl təcrübənin bölüşdürülməsi baxımından əsas vasitələrdən biridir.