Professor İhsan Doğramacının 110 illiyi münasibətilə konfrans keçirilib  

Aprelin 22-də AMEA-nın Rəyasət Heyətinin binasında Türk dünyasının görkəmli alimi, səhiyyə və təhsil qurucusu, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor İhsan Doğramacının anadan olmasının 110 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi-tədqiqat müəssisələrinin, AR ETN-in Riyaziyyat və Mexanika İnstitutunun, Azərbaycan Tibb Universitetinin və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrin əməkdaşları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti İsa Həbibbəyli professor İhsan Doğramacının türk dünyasının son 100 ildə yetişdirdiyi ən önəmli və əfsanəvi şəxsiyyətlərindən biri olduğunu söyləyib. Qeyd edib ki, onun Türkiyədə və eləcə də bütün türk dünyasında səhiyyənin, təhsilin inkişafına verdiyi töhfələr bu gün qürurla, iftixarla xatırlanır.

İ.Doğramacının hər zaman Azərbaycanı ikinci vətəni kimi qəbul etdiyini və Azərbaycan sevdalısı bir şəxsiyyət olduğunu deyən İ.Həbibbəyli, alimlə Ulu Öndər Heydər Əliyev arasında hələ sovet illərindən sıx dostluq, qardaşlıq bağlarının yarandığını və sədaqətlə, ömürlərinin sonlarına kimi bu dostluğu sarsılmaz şəkildə davam etdirdiklərini bildirib. İ.Doğramacı Ulu Öndər tərəfindən “İstiqlal” ordeni ilə, 2005-ci ildə isə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında professor İhsan Doğramacı ilə ilk tanışlığından, onun Bakıya səfərlərindən və Ulu Öndər Heydər Əliyevlə olan sıx dostluq, qardaşlıq münasibətlərindən danışıb. Böyük müəllimi ilə ilk tanışlığının Moskvada 1980-ci illərin əvvəlində Dünya pediatrlarının tədbirində baş tutduğunu söyləyən Ə.Əmiraslanov onu Bakıya bütün səfərlərində müşayiət etdiyini vurğulayıb. Qeyd edib ki, 1992-ci ildə Bakıya səfəri zamanı professorun təşəbbüsü ilə Azərbaycan Tibb Universitetinin 10 tələbəsi Bilkənd Universitetinə göndərilib və həmin şəxslər sonralar ölkəmizdə səhiyyənin inkişafına mühüm töhfələr veriblər.

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, tibb elmləri doktoru, professor Rauf Bəylərov və digər çıxış edənlər professor İ.Doğramacı ilə bağlı xatirələrindən, onun səhiyyə və təhsilin inkişafına verdiyi töhfələrdən danışıblar.