Beynəlxalq konfransda yeni müalicə metodları təqdim olunub
Azərbaycan-Türkiyə Allerqoloq və immunoloqlarının II beynəlxalq konfransı keçirilib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin Allerqologiya və klinik immunologiya kafedrasının müdiri, “Azərbaycan Allerqoloq və İmmunoloqlar” cəmiyyətinin prezidenti, əməkdar həkim, professor Lalə Allahverdiyeva, MDB, Mərkəzi Asiya və Balkan ölkələrində MADx və “Immunotek” şirkətlərinin nümayəndəsi, molekulyar allerqologiya məktəbinin yaradıcısı, PhD Sergey Yuryev, ABŞ-dən professor Dana Wallace, Türkiyədən professorlar Ümit Murat Şahiner, Koray Harmancı, o cümlədən yerli alimlər, mütəxəssislər iştirak ediblər.
Konfransda molekulyar allergiya diaqnostikası sahəsində ən müasir və dəqiq metod sayılan ALEX² testi diqqət mərkəzində olub. Məlumat verilib ki, bu test 295 müxtəlif allergen və onların komponentləri üzrə fərdi həssaslıqları müəyyən etməyə imkan verir. Beləliklə, həkimlərə daha dəqiq və şəxsi yanaşma ilə müalicə planlaşdırmağa şərait yaradır. Çoxsaylı sensibilizasiya hallarında klassik dəri testləri və standart İFA analizləri klinik əhəmiyyətli allergeni dəqiq müəyyən edə bilmədiyi üçün, belə hallarda molekulyar allerqodiaqnostika mühüm rol oynayır.
Tədbirdə, həmçinin İspaniyanın “Immunotek” əczaçılıq şirkətinin effektiv müalicə üsulları da təqdim olunub. Şirkətin istehsal etdiyi Alksoid (5 yaşdan etibarən inyeksiya ilə immunoterapiya) və Oraltek (2 yaşdan etibarən dilaltı sprey) preparatlarının klinik olaraq təsdiqlənmiş effektivliyi və təhlükəsizliyi mövcuddur. Bu preparatlar allergik rinit və rinosinusitin müalicəsində istifadə olunur və bronxial astma və digər fəsadların qarşısını alır.
Qeyd edək ki, XXI əsrdə allergik xəstəliklər dünya miqyasında ən aktual tibbi və sosial problemlərdən birinə çevrilib. ÜST-ün məlumatına əsasən, dünya əhalisinin 30-40%-i müxtəlif formalı allergiyalardan əziyyət çəkir və bu göstərici artmaqda davam edir.
Konfransda çıxış edənlər diqqətə çatdırıb ki, Azərbaycanda son onilliklərdə allergik xəstəliklərin yayılması əhəmiyyətli dərəcədə artıb. Statistikaya əsasən, əhalinin 20-30%-i həyatında ən azı bir dəfə allergiya simptomları ilə qarşılaşır. Əsasən də Bakı və digər şəhərlərdə allergik rinit, bronxial astma, atopik dermatit və qida allergiyaları halları, xüsusilə uşaqlar arasında artmaqdadır. Yaz-yay aylarında ambrozia, yovşan, taxıl bitkiləri və digər tozcuqlu bitkilərin yayılması fonunda polen allergiyası (polinoz) ilə bağlı müraciətlər də artır.
Urbanizasiyanın sürətlənməsi, toz, avtomobil qazları və sənaye çirklənməsi allergik, xüsusilə respirator simptomların güclənməsinə səbəb olur. Bundan əlavə, bir çox xəstələr özbaşına müalicəyə və fitoterapiyaya (bitkilərlə müalicə) üz tutur ki, bu da vəziyyəti ağırlaşdıra bilər.
Konfransda pediatriyada və çətin hallarda molekulyar diaqnostikanın tətbiqi, əhalinin allergiya simptomları və vaxtında həkimə müraciətin vacibliyi, elmi araşdırmaların dəstəklənməsi və ölkə üzrə allergik xəstəliklərin milli reyestrinin yaradılması məsələləri müzakirə edilib.
Konfrans çərçivəsində allerqologiya və immunologiya sahəsindəki ən aktual problemlər, xəstəliklərin diaqnostikası və müalicəsində əldə olunan son nailiyyətlər müzakirə olunub, geniş təcrübə mübadiləsi aparılıb.
Tədbirdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edib.