Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi keçirilib

Mayın 10-da ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının I Beynəlxalq Konqresinin açılış mərasimi olub

Konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaları tətbiq etmək və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.

Konqresdə ATU-nun Neyrocərrahiyyə kafedrasının müdiri, Azərbaycan Neyrocərrahlar Assosiasiyasının (ANEA) sədri Rövşən Xəlilzadə, TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, konqresin Təşkilat komitəsinin sədri Tural Rəhimli və Böyük Britaniyadan gəlmiş fəxri qonaqlar - həkim Andreas Demetriadis və Henri Marş çıxış ediblər.

Çıxış edənlər diqqətə çatdırıblar ki, Bakıda ilk dəfə tanınmış neyrocərrahların iştirakı ilə keçirilən konqres ölkə səhiyyəsində təbabətin bu sahəsində təcrübə və bilik mübadiləsini təmin etməklə yanaşı, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə və neyrocərrahiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına xidmət edəcək, innovativ yeniliklərdən, müasir çağırışlardan xəbərdar olmaqda və onlara uyğunlaşmaqda faydalı rol oynayacaq. Konqresin gənc mütəxəssis və rezidentlərin bilik və bacarıqlarını artırmaq üçün unikal bir platforma olduğuna əminlik ifadə edilib.

Sonra “Kəllə əsası cərrahiyyəsi”, “Epilepsiya cərrahiyyəsi”, “Vaskulyar cərrahiyyə”, “Pediatrik neyrocərrahiyyə”, “Funksional cərrahiyyə”, “Neyroonkologiya”, “Neyroanatomiya”, “Spinal cərrahiyyə” bölmələrində müzakirələr aparılıb.