ATU-da “Beynəlxalq Tibb Bacısı Günü”nə həsr olunmuş tədbir keçirilib

12 May - Beynəlxalq Tibb Bacısı Günü münasibətilə ATU-da “Müasir səhiyyədə tibb bacısının rolu” adlı tədbir keçirilib

Tədbirin moderatoru, İctimai səhiyyə fakültəsinin tələbə dekanı Aytac Məmmədova gələcəyin peşəkar tibb bacıları və tibb qardaşlarını təbrik edərək onların hər birinə bu yolda güc, səbir və uğur arzulayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov bu əlamətdar gün münasibətilə ilk növbədə tədbir iştirakçılarına rektorun salamlarını və təbriklərini çatdırıb. Səhiyyə sisteminin əsas dayaqlarından olan tibb bacılarını və tibb qardaşlarını öz adından da təbrik edən prorektor, onların çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib. Bu şərəfli peşəni seçənlərin təkcə mütəxəssis kimi deyil, həm də bir insan kimi sevilməsinin xüsusi önəmini vurğulayıb. O, tibb bacılarının və tibb qardaşlarının I və II Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq nümunəsini də qürur hissi ilə xatırladaraq, müqəddəs peşə sahiblərinin bundan sonra insanlara əmin-amanlıq şəraitində xidmət göstərəcəyinə əminliyini ifadə edib.  

Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin “Tibb bacısı işi” ixtisası üzrə proqram koordinatoru, II Uşaq xəstəlikləri kafedrasının dosenti Fəxriyyə Məmmədova çıxışında tibb qardaşı və tibb bacısının səhiyyəmizdəki rolundan danışıb: “Əksər hallarda cəmiyyətdə belə bir fikir var ki, tibb bacısı və tibb qardaşı yalnız iynə vuran, müəyyən prosedurları yerinə yetirən və həkimin dediyi ilə tamamilə razılaşan tibbi personaldır. Amma müasir səhiyyəmizdə sağlamlığın möhkəmləndirilməsi, xəstəliklərin qarşısının alınması, yəni təbliğat və profilaktika işi yeni tibb bacısı və tibb qardaşının vəzifə borclarıdır”.

F. Məmmədova bu ixtisasın universitetimizdə 2020-ci ildən tədris olunduğunu, tibb bacısı və tibb qardaşının cəmiyyətdəki yeri, rolu və digər prioritetləri haqqında tələbələr arasında sorğu keçirildiyini deyib.

Sorğunun nəticələrini I kurs tələbəsi Vüqar Əlizadə diqqətə çatdırıb. 7 suallıq sorğuda 102 tələbə iştirak edib. Tibb bacısı ixtisasının karyera və təhsil, elmi dərəcə ala bilmə imkanları, idarəetmə və rəhbərlik bacarıqları, müstəqil qərar vermə səlahiyyətinə və digər məsələlərə dair suallar cavablandırılıb.

Tədbir zamanı general Əliağa Şıxlinskinin həyat yoldaşı, şəfqət bacısı Nigar Şıxlinskaya, II Dünya Müharibəsi veteranı Fatma Səttarova, İkinci Qarabağ Müharibəsində yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərərkən şəhid olan Arəstə Baxışova və onların timsalında yüzlərlə qəhrəman tibb işçilərinin şücaəti də böyük ehtiramla xatırlanıb.

Daha sonra ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov və Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli çıxış edərək tibb sahəsini tibb bacısız və tibb qardaşsız təsəvvür etməyin mümkünsüzlüyünü diqqətə çatdırıblar. Bu ixtisasın Azərbaycan Tibb Universitetində də açılmasının xüsusi əhəmiyyətini vurğulayan natiqlər nəcib peşə sahiblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir interaktiv və əyləncəli hissə ilə - Kahoot oyunla yekunlaşıb. III kurs tələbəsi Fateh Əsədbəylinin idarə etdiyi interaktiv oyunda Aytac Əzimova, Emilya Quliyeva və Nicat Hümmətov ən yüksək nəticə göstərərək mükafatlandırılıblar. Mükafatları təqdim edən İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonda komanda ruhu sayəsində tədbiri uğurla həyata keçirən idarə heyətinin üzvlərinə sertifikatlar təqdim olunub.

undefined