ATU-nun tələbələri Bakı marafonunda rekord vurub

Mayın 4-də ənənəvi olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2025” adlı beynəlxalq tədbir keçirilib

 ATU-nun “Təbib” Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanovun verdiyi məlumata görə, “Küləyə qalib gəl” şüarı ilə təşkil olunan bu marafona 27800 iştirakçı qeydiyyatdan keçib:

“Qeyd edək ki, 2016-cı ildən etibarən təşkil olunan və artıq 8-ci dəfə baş tutan bu marafon 21 kilometr məsafəni əhatə edir. Ənənəyə uyğun olaraq, marafonun start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olub. İştirakçılar Bakının müxtəlif küçə və prospektləri boyunca 21 kilometrlik məsafəni qət ediblər”.

Onun sözlərinə görə universitet bu il marafonda rekord sayda – 477 nəfərlə təmsil olunub: “Atletika üzrə məşqçi-müəllim Xatirə Şıxlının rəhbərliyi ilə ATU-nun tələbə və müəllim heyəti marafonda fəal iştirak edib. Yarış öncəsi Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyevanın və dekanlıq nümayəndələrinin marafona qatılması tələbələrdə yüksək motivasiya yaradıb. ATU-dan 62 nəfər 21 kilometrlik məsafəni ilk 2000 iştirakçı arasında başa vuraraq medal və sertifikatla təltif olunub. Medal qazananlar arasında yerli tələbələrlə yanaşı, Türkiyə, Türkmənistan, İordaniya, Sudan, Yəmən, Nigeriya, Hindistan, İran, Suriya, İraq, Zambivya, Honduras, Uqanda, Pakistan və Fələstin vətəndaşı olan əcnəbi tələbələrimiz də var. Bundan başqa, 113 tələbə müəyyən vaxtlar təyin olunmuş məsafəni qaçaraq sertifikat əldə edib”.

Marafonun ölkədə sağlam həyat tərzinin təşviqinə və idmanın inkişafına mühüm töhfə verir vurğulayan Q.Aslanov bildirib ki, ATU-da idmanın kütləviliyi və tələbələrin əldə etdiyi nailiyyətlər ildən-ilə artmaqdadır: “Belə ki, marafonda tələbələrimiz 2022-ci ildə 29 medal, 2023-cü ildə 33 medal, 2024-cü ildə 57 medal, 2025-ci ildə isə artıq 62 medal qazanıb. İndiyədək ATU-nun marafonda qazandığı nailiyyətlər ölkəmizin heç bir ali təhsil müəssisəsində əldə edilməyib. Əlbəttə, bu göstəricilər universitet rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir”.