ATU-nun Elmi Tədqiqatların İdarə Olunması Departamentinin təşəbbüsü ilə “Azərbaycan Tibb Universiteti Jurnalı”nın (İSSN 2788-9807) ilk buraxılışı işıq üzü görüb. Jurnalın ilk nömrəsi Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunub
Jurnalın baş redaktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli, baş redaktor müavinləri Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan və I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov, elmi redaktoru professor Eldar Qarayev, məsul katibi dosent Sevinc Pənahovadır.
İlk buraxılışda təqdim olunan məqalələr tibb elminin müxtəlif sahələrini əhatə edən aktual mövzulara həsr olunmuş, ATU-nun professor-müəllim heyəti, tədqiqatçıları və gənc alimlərinin apardığı elmi işlərin nəticələrini əks etdirir. Jurnal təkcə Azərbaycan daxilində deyil, beynəlxalq səviyyədə də elm və təcrübə mübadiləsinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, “Azərbaycan Tibb Universiteti Jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20.09.2024-cü il tarixli qərarı ilə tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib. Bütün məqalələrə DOİ (digital object identifier) verilir. Nəşrlərə dair tələblərlə www.atuj.az saytında tanış olmaq olar. Hər hansı sual yaranarsa, Elmi Tədqiqatların İdarə Olunması Departamentinə müraciət edə bilərsiniz.