Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə komissiya yaradılıb. Mayın 14-də Azərbaycan Tibb Universitetində komissiyanın tərkibində formalaşdırılmış təhsil ixtisasları qrupu üzrə işçi qrupunun növbəti iclası keçirilib.
ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov işçi qrupun qarşısında duran prioritet məsələlər və indiyədək görülmüş işlər barədə ətraflı danışıb. Prorektor magistratura pilləsi üzrə Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə, İdman tibbi, Qidalanma və dietologiya, Tibb bacılığı ixtisaslarına daxil olan yeni ixtisaslaşmalar haqqında məlumat verib.
Tədris Departamentin müdiri, dosent Kamandar Yaqubov nəzərə çatdırıb ki, beynəlxalq təhsil standartlarına və əmək bazarının tələblərinə əsasən magistratura pilləsi üzrə bir sıra mühüm dəyişiliklər baş verib. İxtisaslaşmaların sayı 9-dan 35-ə qədər artırılıb. Plan yerlərinə dair təkliflər hazırlanacaq və hər bir ixtisaslaşma üçün işçi qrup yaradılacaq. Həmçinin əmək bazarının nümayəndələri ilə görüşlər keçiriləcək. O qeyd edib ki, tədris proqramlarının tərtibinə kafedraların professor-müəllim heyəti cəlb olunacaq. Və proqramlara mütləq şəkildə yeni dərsliklər daxil olunmalıdır.
İclasda çıxış edən Elm və Təhsil Nazirliyində universitetimizin yeni təhsil proqramlarının təsdiq olunması üzrə komissiyanın həmsədri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib ki, İctimai səhiyyə ixtısasının məzunları üçün iş imkanlarının artırılması vacibdir. Artıq bu istiqamətdə bır sıra işlər nəzərdə tutulub.
ATU-nun rəhbər şəxsləri və professor-müəllim heyətinin iştirakı ilə keçirilən görüş fikir mübadiləsi ilə davam edib. Yeni proqramların hazırlanmasına dair təkliflər səsləndirlib.