Tələbələ-aktyorlarımızın çıxışları alqışlarla qarşılandı

Mayın 16-da Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Həyat” teatr klubunun tələbə aktyorları tərəfindən tanınmış yazıçı-dramaturq Sabit Rəhmanın “Hicran” tamaşası səhnəyə qoyulub

 ATU-nun rektoru, professor Gəray Gəraybəylinin, universitetin prorektorlarının, professor-müəllim heyəti və tələbələrin izlədiyi bu tamaşa aktyor heyəti tərəfindən məharətlə oynanılıb.   Bacısı Fatı, Orxanı evləndirmək istəyir. Amma ona kimi göstərsələr də bəyənmir. Çünki sevdiyi olub. Onun sevdiyi qızı – Hicranı bacısının əri də istəyir. Bunun üçün Qızbacını vasitəçi kimi araya salır. Amma gözlənilməz vəziyyət yaranır. Hicran bir həkim kimi onların evinə gələndə Orxanı görür. Sevgililər bir-birlərinə qovuşur. Hicran rolunu oynayan Züleyxa Quliyeva, Orxan rolunu oynayan Mehman Rəhimli bir-birlərinə olan səmimi sevgiləri ilə tamaşaçılarda xoş duyğular yarada bildi. Mitoşun- Maarif Eyvazovun yenidən eşqə düşməsi və sonda istəyinə nail ola bilməməsi, onu gülünc vəziyyətdə qoydu.

Qızbacının – İlahə Quliyevanın, Dadaşbalanın – İsmət Ağazadənin Mitoşun qurduğu planların üstünü ustalıqla açmaları tamaşaçılarda xoş əhval-ruhiyyə yaratdı. Özünə ər axtaran Çarlston –Jalə Məmmədli, Baləmi – Fəxri Qardaşov, Həkim Bəhruz Abbasov da ifa etdikləri rollarla tamaşaçıların alqışlarını qazandılar.

Rəqasələr Nigar Hüseyn, Selcan İsazadə, Zəhra Rəsulova, Günel Tağı, Aydan Paşayeva, Şəmsi Əhmədli etdikləri gözəl rəqsləri ilə tamaşaya rəng qatdılar.