ATU-nun müəllimi Lahor Universitetində mühazirə oxuyub

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti Kəmalə Bədəlova Pakistanın Lahor Univesiteti Əczaçılıq fakültəsinin tələbələri üçün mühazirə oxuyub

 ATU əməkdaşı Lahor Universitetinin 4-cü kurs tələbələri üçün Tibbi kimya, Ədliyyə əczaçılığı və kliniki toksikologiya mövzularında çıxış edib.

 Mühazirələr zamanı Tibbi kimya mövzusu üzrə tibbi kimyaçı,  üzvi birləşmələrin quruluşu və biloji fəallıqları arasında əlaqə, üzvi dərman maddələrinin sintezi yolu, rasional dərman dizaynının müasir konsepsiyası, kombinator kimya, kompüter dəstəkli dərman dizaynı (CADD), in siliko üsulları haqqında məlumat verilib. Ədliyyə əczaçılığı və kliniki toksikologiya mövzuları üzrə yerli qanunvericilik və əczaçılıq peşəsi,  zəhərlənmənin müalicəsində əczaçının rolu, zəhərlərə nəzarət mərkəzinin rolu və statusu, antidotlar və onların təsir mexanizmi, kimyəvi-məhkəmə ekspertizada istifadə edilən kimyəvi, fiziki-kimyəvi müasir analiz üsulları barəsində ətraflı danışılıb.

 Bundan əlavə, ATU-nun əməkdaşı Kəmalə Bədəlova Lahor Universitetinin İmperator Əczaçılıq Cəmiyyəti (UOL-IPS) tərəfindən təşkil edilən “Hormonların mürəkkəb dünyasına yönəlmiş” mövzusundakı vebinarda qonaq məruzəçi qismində iştirak edib. UOL-IPS Əczaçılıq Fakültəsinin Dekanı Prof. Dr. Khalid Hussainin və Əczaçılıq Departamenti müdiri Dr. Kashif Barkatın rəhbərliyi ilə baş tutan vebinar əczaçılıq tələbələrini və peşəkarlarının geniş auditoriyasını cəlb edib, qlobal akademik əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıb. Qeyd edək ki, Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti Kəmalə Bədəlova müqavilə əsasında Lahor Universitetinin ştatdan kənar müəllimidir.