ATU-nun 10 tələbəsi “Adlı təqaüd”ə layiq görülüb

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə fərqlənən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” verilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir Bakı Ali Neft Məktəbində (BANM) keçirilib. Çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri vurğulayıb. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafındakı xidmətlərindən bəhs edən Konfederasiya sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə həyata keçirilən mühüm layihələri diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan həmkarlar ittifaqları da dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən biri olan “Adlı təqaüd” tələbə gənclərin elmə və təhsilə marağının artmasına, onların fərdi və peşəkar inkişafına əhəmiyyətli töhfə verir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlar, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, gənclərin yüksək səviyyədə təhsil alması üçün yaradılan əlverişli şəraitdən bəhs edib, “Adlı təqaüd” layihəsinin önəmini vurğulayıb.

Mərasimdə Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Qoşqar İsmayılov və digər əməkdaşlarımız, tələbələrimiz iştirak edib.

Qeyd edək ki, məbləği 300 manat olan bu birdəfəlik təqaüd ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan, tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrə verilir. ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir. Əvvəlki illərdə hər semestr üzrə 65 tələbəyə, 2024-2025-ci tədris ilinin birinci semestrinin yekunlarına görə 100, ikinci semestrinin nəticələrinə əsasən isə 308 tələbəyə “Adlı təqaüd” verilib. İkinci semestrdə “Adlı təqaüd”ə layiq görülənlər arasında ATU-nun da 10 tələbəsi var ki, onlardan 3-ü I Müalicə-profilaktika, 2-si II Müalicə-profilaktika, 2-si Stomatologiya, 1-i İctimai səhiyyə, 1-i Hərbi tibb, 1-i isə Əczaçılıq fakültəsinin tələbələridir.

Ümumilikdə isə indiyədək 3179 tələbə bu təqaüdə layiq görülüb.

Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!