Mayın 10-11-də İstanbulda 6-cı Otologiya və Audiologiya konqresi keçirilib. İstanbul Yeni Yüzyıl Universitetinin dəstəyi ilə baş tutan tədbirdə Türkiyə, Azərbaycan, Yunanıstan və Niderlanddan olan ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində otologiya və audiologiya mövzusunda bir sıra panellər və kurslar təşkil olunub. .
Bu nüfuzlu tədbirdə Azərbaycan Tibb Universitetini (ATU) Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian və həmin kafedranın dosenti Sara Ağalar təmsil ediblər. Konqresə məruzəçi qismində qatılan professor Vəfa Pənahian Orta qulaq cərrahiyyəsi mövzusuna həsr edilmiş paneldə çıxış edib. Dünya miqyaslı alim, professor Dr. Elefterios Ferekidisin də qatıldığı bu sessiyanın sonunda ATU əməkdaşları aktiv iştiraka görə plaketlə təltif olunublar.