Rezidentlər üçün növbəti seminar keçirilib

Mayın 20-də ATU-nun Tədris Terapevtik Klinikasında Rezidentura və magistratura şöbəsi və endokrinologiya şöbəsinin birgə təşkilatçılığı ilə rezidentlər üçün "İnsulin rezistentliyi ilə əlaqədar yaranan psevdoakromeqaliya" mövzusunda seminar keçirilib

    Seminarı Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov açaraq klinikanın endokrinologiya şöbəsinin xəstələrə yüksək səviyyədə xidmət göstərməklə yanaşı, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirdiyini deyib.

     O, mövzunun aktuallığına toxunaraq bildirib ki, insulin rezistentliyi insan orqanizmində tək 2-ci tip şəkərli diabet xəstəliyinə yox, həmçinin piylənmə, qaraciyərin piy distrofiyası, yumurtalıqların polikistozu, endometriumun hiperplaziyası, arterial hipertenziya, ateroskleroz və nadir bir problem kimi rast gəlinən psevdoakromeqaliyaya təkan verən bir faktor kimi qəbul edilməlidir.

      Endokrinologiya şöbəsinin müdiri, dosent Səbinə Məşədiyeva - Bayramova seminarda məruzə ilə çıxış edərək psevdoakromeqaliya xəstəliyinin son 20 il ərzində xarici ədəbiyyatda cəmi iki məqalədə - 2011-ci ildə Türkiyədə, 2020-ci ildə İngiltərədə işıqlandırıldığını söyləyib. Onun sözlərinə görə, üçüncü klinik hadisə isə Azərbaycan Tibb Universitetinə aiddir və bu günkü seminarda işıqlandırılır.

     Həmin xəstəliyin müayinə və müalicəsində, ədəbiyyat araşdırmalarında fəallıq göstərən rezident Ləman Cəfərova qeyd edib ki, hazırda insulin rezistentliyi və psevdoakromeqaliya zamanı FGF21 geninin rolunu öyrənirlər. Ola bilər ki, problemin yaranması bu gendə gedən mutasiya ilə bağlıdır.

Məruzədən sonra ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı bu problemin genetik sindromlarla bağlılığından, psevdoakromeqaliyanın genetik araşdırmalarından danışılıb. Tədqiqatların davam etdiyi vurğulanıb. 

Klinikanın baş həkimi Fəridə Hacıyeva, dosent Gülər Fətəliyeva, assistent Gülarə Axundbəyli də müzakirələrdə fəal iştirak edərək rezidentlərə öz tövsiyələrini veriblər.