“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” respublika elmi-praktiki konfransı keçirilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və Biofizika İnstitutunun təşkilatçılığı ilə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçirilib.

 

Tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələri, AMEA, həmçinin Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

Tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək rəqəmsal tibb problemlərinə həsr olunmuş konfransın müvafiq sahədə aparılan tədqiqatlar, əldə olunan nailiyyətlər və mövcud problemlərin müzakirəsi, eləcə də yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

IV Sənaye İnqilabı və süni intellektin təsiri ilə yaranan qabaqcıl texnologiyaların inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini söyləyən akademik R.Əliquliyev, Cənab Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə bir neçə mühüm strateji sənədin qəbul edildiyini söyləyib. “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın alim və mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyduğunu nəzərə çatdırıb.

AR səhiyyə nazirinin müavini. dosent Nadir Zeynalov konfrans iştirakçılarını Səhiyyə naziri Teymur Musayevin adından salamlayıb. Müasir dövrdə rəqəmsallaşmanın cəmiyyətin həyatının bütün sahələrinə nüfuz etdiyini qeyd edən dosent N.Zeynalov rəqəmsal həllərin tibb sahəsində sərhədsiz imkanlar açdığını və strateji əhəmiyyətə malik olduğunu, pasiyentlərə diaqnozun qoyulması, həkimə dəstək göstərilməsi və s. istiqamətlərdə geniş tətbiq olunduğunu vurğulayıb. Əlavə edib ki, rəqəmsal həllər, ekspert sistemləri müalicə üsulunun müəyyənləşdirilməsində yaranan çətinliklər zamanı bu sahədə toplanmış məlumatlardan istifadə etməklə həkimlərə qərarların qəbulu prosesində tövsiyələr verir.

AMEA-nın vitse-prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova çıxış edərək bu gün elm və texnologiyanın sürətli inkişafı ilə süni intellektin həyatın bütün sahələrinə nüfuz etdiyini deyib, həmin texnologiyaların tibbdə tətbiqi ilə bağlı müxtəlif təcrübələrdən bəhs edib. Akademikin sözlərinə görə, rəqəmsal tibbin əsas hədəflərindən biri də süni intellektin, rəqəmsal texnologiyaların bioinformatika, genomika və molekulyar mühəndisliklə sintezi məsələlərinin həllinə nail olmaqdan ibarətdir.

Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov çıxış edərək tədbir iştirakçılarını universitetin rektoru, professor Gəray Gəraybəylinin adından salamlayıb. O, müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafının həyatın bütün sahələrinə, xüsusilə də səhiyyə sisteminə ciddi təsir göstərdiyini qeyd edib. Konfransın rəqəmsal tibbin aktual problemlərinin müzakirəsi və səmərəli əməkdaşlıq əlaqələrinin qurulması baxımından çox əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb. Tibb Universitetinin rəqəmsal tibbin formalaşması istiqamətində müvafiq elmi qurumlarla əməkdaşlıq etməyə, birgə layihələr həyata keçirməyə hazır olduğunu qeyd edib.

Prorektor həmçinin Tibb Universitetində rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, tibb təhsilinin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Konfransda həmçinin Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov, Azərbaycan Texniki Universitetinin tədris işləri prorektoru, professor Nurəli Yusifbəyli, Milli Onkologiya Mərkəzinin molekulyar-bioloqu, tibb üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova, ETN Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış ediblər. Məruzəçilər konfransın rəqəmsal tibbin elmi-nəzəri və praktiki problemlərin həlli üçün yeni imkanların yaranması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Qeyd edək ki, tədbirdə ATU-nun İT Departmentinin nümayəndələri, Tibbi və bioloji fizika kafedralarının əməkdaşları aktiv iştirak ediblər.

Daha sonra konfrans işini “Rəqəmsal tibbin formalaşmasının elmi-nəzəri problemləri” və “Tibbdə rəqəmsal texnologiyaların tətbiqinin elmi-praktiki problemləri” adlı seksiya iclasları ilə davam etdirib.