Təhsil ixtisasları qrupu üzrə işçi qrupun iclası keçirilib

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə komissiya yaradılıb

Mayın 22-də Azərbaycan Tibb Universitetində komissiyanın tərkibində formalaşdırılmış təhsil ixtisasları qrupu üzrə işçi qrupun iclası keçirilib.

Tədbirdə çıxış edən Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov diqqətə çatdırıb ki, müzakirələrə səbəb olan əsas mövzu magistratura pilləsi üzrə ixtisaslaşmaların hazırlanması olub: “Əczaçılıq və İctimai səhiyyə fakültələrində magistr qəbulu üzrə bir sıra mühüm dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər plan yerlərinin formalaşmasını və yeni tədris proqramlarının hazırlanmasını əhatə edir. Həmçinin İctimai səhiyyə ixtisası üzrə bakalavr səviyyəsində tədris prosesi 4 illik müddətdə həyata keçiriləcək”.

Qeyd olunub ki, Azərbaycan Tibb Universiteti məzunların əldə etdiyi biliklərin iş bazarının tələblərinə uyğun olmasına böyük diqqət yetirir.

İclasda çıxış edən Elm və Təhsil Nazirliyində universitetimizin yeni təhsil proqramlarının təsdiq olunması üzrə komissiyanın həmsədri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova ötən iclaslar zamanı mühüm qərarların qəbul edildiyini və tətbiq olunan dəyişikliklərin bakalavr və magistr hazırlığında müsbət nəticə verəcəyinə əmin olduğunu vurğulayıb.

ATU-nun rəhbər şəxsləri və professor-müəllim heyətinin iştirakı ilə keçirilən görüş fikir mübadiləsi ilə davam edib. Yeni proqramların hazırlanmasına dair təkliflər səsləndirilib.