Tələbəmiz Səmərqənddə I yerə layiq görülüb

Tələbə Elmi Cəmiyyətinin (TEC) konfranslarında təqdim olunan məruzələr bu il də öz aktuallığı, müasir yanaşma və təcrübi əhəmiyyəti ilə seçilib

 Bu sıradan İctimai səhiyyə fakültəsində keçirilən XLVIII tələbə elmi konfransı ölkəmizdə elan edilmiş “Konstitusiya və suverenlik il”inə həsr olunmuşdu.

Qidalanma və tibbi ekologiya kafedrası üzrə təqdim edilən üç elmi iş “Elmi işin aktuallığı” və “Gələcəyin gənc alimi” nominasiyalarında diplomlara layiq görülüb. Eyni zamanda, kafedranın iki elmi işi ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalında poster məruzə kimi təqdim olunmaq üçün seçilib.

Tələbələrimizin uğurları ölkə sərhədlərini aşaraq, beynəlxalq aləmdə də diqqət çəkir. Belə ki, İctimai səhiyyə fakültəsinin 321R-1a qrup tələbəsi Fərman Qurbanlı “Посуда из пластика как экологическая проблема” (Plastik qablar ekoloji problem kimi) adlı elmi işi ilə mayın 16-17-də Özbəkistanın Səmərqənd Dövlət Tibb Universitetinin 95 illiyinə həsr olunmuş 79-cu beynəlxalq elmi-praktik konfransda iştirak edib və I yer diplomuna layiq görülüb. Onun elmi işinə Qidalanma və tibbi ekologiya kafedrasının dosenti Sevinc Fətullayeva rəhbərlik edib.

Xüsusi qeyd olunmalıdır ki, qalib elmi işin əsasını təşkil edən təcrübələr məhz kafedranın elmi laboratoriyasında aparılıb. Bu fakt bir daha sübut edir ki, kafedrada tələbələrin elmi fəaliyyəti yalnız nəzəri deyil, həm də praktik əsaslarla həyata keçirilir.