I Tələbə forumu keçirilib

Mayın 24-də II Müalicə-profilaktika fakültəsinin tələbələri Fatma Nur Yılmaz və Nəzirə Nuriyevanın təşəbbüsü, II MPF, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tibb və sağlamlıq elmləri təhsili və Təcili tibb kafedralarının birgə dəstəyi ilə "Böhranlı vəziyyətlərdə ilk yardımın xüsusiyyətləri" adlı I Tələbə forumu keçirilib

Tədbirdə II MPF-nin dekanı, dosent İsrail Məhərrəmbəyli, THİK-in sədri Qoşqar İsmayılov və kafedra müdiri Samir Cavadlı açılış çıxışı ediblər.

Forumun birinci hissəsində universitetin müəllim və mütəxəssisləri tələbələrə nəzəri bilikləri çatdırıblar. Belə ki, İ.Məhərrəmbəyli "Hipovolemik şoklar zamanı ilk yardım", Arzu Bəydəmirova "Kardioloji təxirəsalınmaz farmakoterapiya", Türkiyədən canlı bağlantı ilə professor Cem Oktay "Travmatik olmayan döş qəfəsi ağrısı olan xəstəyə yanaşma", Aydan Qədimli "Yetkin insanlarda Təməl Həyat Dəstəyi (BLS)", Elyanə Təhməzova "Körpələrdə Təməl Həyat Dəstəyi (BLS)", Şəhla Qasımova "Dayanan ürəyi necə canlandırmalı? (ACLS)", Nərmin Səfərova "Epileptik tutmalarda ilk yardım" mövzularında məruzə oxuyublar.

Tədbir çərçivəsində “Tusmer” nəşriyyatının kitablarının təqdimatı keçirilib.

Forumun 2-ci hissəsində tələbələr əldə etdikləri bilikləri maketlər üzərində tətbiq ediblər.