Polis əməkdaşlarının narkomaniya, dini radikalizm və kibercinayətlə bağlı məruzələri tələbələrin marağına səbəb olub

 

Azərbaycan Tibb Universitetinin tələbə və kursantları üçün seminar təşkil olunub. Seminarı ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent  Mahir Səfərov açaraq bildirib ki, bugünkü mövzumuz cəmiyyətin ciddi probleminə çevrilmiş, gənclərimizi ağuşuna alan narkomaniya və dini radikalizm, o cümlədən kiber cinayətkarlıqla bağlı olacaq.

Prorektor M. Səfərov narkomaniya və dini radikalizm, onların cəmiyyətdə yaratdığı fəsadlar və qorunma yolları ilə bağlı tələbələri məlumatlandırmaq üçün sözü Nəsimi Rayon Polis İdarəsinin rəsi, polis polkovniki Vüqar Ağayevə verib.

Polis rəisi narkotik vasitələrdən istifadənin cəmiyyətdə ciddi narahatlıq yaratdığına toxunaraq, onun fəsadları, qarşısının alınması üçün maaariflənmə tədbirlərinin aparılmasının zəruriliyindən danışıb: “ Cəmiyyətdə narkomaniyanın yayılması və buna qarşı aparılan mübarizənin effektli olmaması, belə tədbirlərin keçirilməsinə səbəb olur. Hesab edirəm ki, aparılan mübarizə təkcə hüquq-mühafizə oraqnlarının öhdəsindən gələcək bir işi deyil, eyni zamanda hər kəs bu məsələdə fəallıq nümayiş etdirməli, birgə mübarizə aparmalıdır”.

Rəis V.Ağayev ölkəmizdə 36 min 659 narkomanın qeydiyyatda olduğunu, onlardan 852 nəfərini qadınlar təşkil etdiyini bildirib. Qeydiyyatda olanların 1147 nəfərinin Nəsimi rayonu ərazisində yaşadığını, onların 55 nəfərinin qadınlar olduğunu təəssüflə qeyd edib.

V.Ağayev, eyni zamanda dini radikalizmin ən çox gənclərə vurduğu ziyandan da söhbət açıb. Bu səbəbdən onları müxtəlif dini qruplaşmalara qoşulmamağa çağırıb, dini terror təşkilatlarının qurbanına çevrilməmələri üçün lazımi tövsiyyələrini də verib.  

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis kapitanı Araz Bayramov isə tələbələrə kibercinayət, onun cəmiyyətə vurduğu ziyan, necə qorunma yolları ilə bağlı məluamat verib. Kibercinayət dəstələrin qurbanına çevrilməmələri üçün tələbələri ayıq-sayıq olmağa dəvət edib: “ Ola bilər ki, sosial şəbəkələr vasitəsilə sizlərə mesajlar gələr, şirnikləndirici oyunlara dəvət edərlər. Kart məlumatlarınız və digər məlumatları istəyərlər. Bu cür hallara rast gələndə ehtiyatlı və diqqətli olun. Çlışın, özünüzlə bağlı olan məlumatları kimsəyə ötürməyin. Bəzən yaxın qohum və ya dostalrın səsi ilə telefonla danışar, müxtəlif bəhanələr uydurar, sizə kart nömrəsi göndərər, ora pul köçürməyi tələb edərlər. Şübhəli zənglər vasitəsi ilə bu cür edimiş təklifləri yerinə yetirməyin”.

Çıxışlar zamanı cinayətkar dəstələrin törətdiyi çoxsaylı nümunələr səsləndirilib, tələbələri maraqlandıran suallara rəis V.Ağayev və kapitan A.Bayramov tərəfindən ətraflı cavablandırıbdır.

Sonda ATU-nun Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev çıxış edib. Keçirilən tədbirin əhəmiyyətindən söhbət açıb. İctimai asayişi yüksək səviyyədə qoruduğuna, cəmiyyətdə aşılanan zərərli vərdişlərə qarşı apardığı mütəşəkkil mübarizəyə görə polis işçilərinə dərin təşəkkürünü bildirib.

Tədbir zamanı polis əməkdaşları tərəfindən maarifləndirmə məqsədi ilə tələbələrə broşuralar da paylanıbdır.