Mayın 24-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə ATU-nun “Təbib” Tədris İdman Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin (ATU) əcnəbi tələbələri arasında “28 May – Müstəqillik günü”nə həsr olunmuş stolüstü tennis turniri keçirilib
Tədris İdman Mərkəzində baş tutan turnirdə Türkiyə, İran İslam Respublikası, Hindistan, Suriya, Fələstin, Zambiya, Sudan, Rusiya Federasiyası, Keniya, Mərakeş, Mali, Pakistan və Qazaxstandan universitetdə təhsil alan 12 qız və 39 oğlan tələbə iştirak edib. Açılış mərasimində dövlət himni səsləndirildikdən sonra “Təbib” Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov turniri açıq elan edərək tələbələrə uğurlar arzulayıb. O, belə yarışların sessiya qabağı tələbələrin motivasiyasının yüksəldilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra yarışın baş hakimi Yaroslava Ağaməliyeva turnirə start verib. Qarışıq sistem üzrə (Olimpiya və dairəvi) gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışın sonunda qaliblər müəyyənləşib. Qızlar arasında Aktaş Zeyneb I, Nadeem Amina II, Alena Abraham III, oğlanlar arasında isə Seyedalı Mirhaşemi I, İbrahim Nabeel II, Kaplan Barış III yerə layiq görülüb.
Təltifolma mərasimində Əcnəbi təhsilalanlarla iş üzrə dekanlığın müdiri, dosent Natiq Bayramov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov və “Təbib” Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov çıxış edərək universitetdə əcnəbi tələbələrə göstərilən diqqət və qayğıdan danışıb, onlara gələcəkdə təhsil və idman sahəsində uğurlar arzulayıblar. Sonda qaliblər diplom, medal və kuboklarla, aktiv tələbələr isə xüsusi sertifikatlarla təltif olunub.